Gənclər təşkilatları bu ili necə baş vurdu? RƏYLƏR

Gənclər təşkilatları bu ili necə baş vurdu? RƏYLƏR

Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Azərbaycan ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin və tələbələrin ictimai fəallığı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti, müasir çağırışlar və gənclər, bu kimi mövzular ətrafında mütəmadi olaraq müzakirələr aparılır və ortaya çıxan problemlər tez bir zamanda öz həllini tapır. Bəs gəlin görək bu ili bəzi gənclər təşkilatları hansı uğurlarla yadda qalan etdi?

SİA bəzi gənclər təşkiatları rəhbərlərinin fikirlərini sizə təqdim edir:

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov: “Prezident İlham Əliyevin doğum günündə - 2008-ci il dekabrın 24-də təsis edilən "İrəli" İctimai Birliyi fəaliyyətə başladığı gündən Azərbaycanda dövlət siyasətini geniş şəkildə dəstəkləməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, paytaxtla yanaşı, bölgələrdə də gənclərin inkişafı istiqamətində mühüm və ardıcıl layihələr həyata keçirir. İl ərzində qurum gənclərin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərib. Təşkilatın reallaşdırdığı tədbirlər, habelə "Azərbaycanın İntellektual Birincisi", "Gənc Əkinci", "SAY: Solidarity" və s. layihələr minlərlə gənci əhatə edib. Bundan başqa, fərdi gənclərin təşəbbüskarı olduğu ondan çox layihəyə yüzlərlə gənc qatılıb. İl ərzində təşkilata üzv olmaq üçün 2744 gənc müraciət edib. "İrəli" İctimai Birliyi "İslam Həmrəyliyi İli"ndə bir sıra layihələr reallaşdırıb. IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə təşkilat mindən çox gəncin iştirakı ilə idmanın on növü üzrə "Gənclər kuboku" yarışlarını təşkil edib. Azərbaycan gənclərinin tərbiyəsini görülən ayrı-ayrı tədbirlər vasitəsilə deyil, institusional əsaslarda təşkil olunmasını normativ-hüquqi sənəddə təsbit edilməsində görmək mümkündür. Ölkədə həyata keçirilən gənclər siyasətinin müxtəlif institutları, həmçinin qazanılmış iş təcrübəsi və mövcud mexanizimlər bunu etmək üçün yaxşı əsaslar yaradır".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: “1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 200-dən çox gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şura özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə yerli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. Azərbaycanın dövlət gənclər siyasətinə dəstək verilməsi və gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində Şura mühüm tədbirlər həyata keçirir.Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. Ötən 22 ildə GTMŞ ilə dövlət və hökumət qurumları, üzv təşkilatları fəal əməkdaşlıq edib. Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin idealarını, təkliflərini, fikirlərini bilavasitə özlərindən alaraq həyata keçirir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası "nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə