Qənirə Paşayeva: “O zamanlar bu problemlə bağlı o qədər də danışa bilmirdik”

Qənirə Paşayeva: “O zamanlar bu problemlə bağlı o qədər də danışa bilmirdik”
"Beynəlxalq iqtisadi böhran beynəlxalq təşkilatların fərqli dəyərlər üzərində qurulan ana gündəmini təşkil edir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Qənirə Paşayeva büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Onun sözlərinə görə, beynəlxalq maliyyə institutlarının ( təşkilatlar) rəhbərləri hesabat verərkən bildiriblər ki, beynəlxalq böhran köklü və dayanıqlı ölkələri elə bir vəziyyətə salıb ki, bu ölkələrin düşdükləri vəziyyətdən çıxması öz gücləri ilə mümkün deyil. Azərbaycanın böhrandan ağır zədələr almadan çıxdığını deyən millət vəkili bunu ən böyük uğur adlandırıb: "Beynəlxalq maliyyə ekspertləri qeyd edirlər ki, Azərbaycanın hələ də davam edən bu proseslərdən çox uğurlu şəkildə çıxması təbii ki, ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Bundan başqa bir çox ölkələr bu böhran fonunda öz büdcələrini məhdudlaşdırdığı halda Azərbaycanın büdcəsinin genişlənməsi, sosial və investisiya xərclərinin artması xüsusi ilə önəmlidir. Hərbi və diplomatik xərclərin artması da çox müsbər haldır. Çünki bu Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vacib addımdır". Çıxışı zamanı bir sıra təkliflər irəli sürən millət vəkili ali məktəblərin yataqxanalarında problemlərin olduğunu xüsusi vurğulayıb: "Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi ən vacib məsələ idi. O zamanlar bu problemlə bağlı o qədər də danışa bilmirdik. Amma bu gün dövlətimizin imkanları artıb. Ona görə də məcburi köçkünləri başqa yaşayış yerlərə köçürməklə yataqxanalar tələbələrin ixtiyarına verilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə