Milli Məclisdə müzakirələr öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq “Normativ hüquqi aktlar haqqında” qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 70-ci (Normativ hüquqi aktın layihəsinə baxılması) maddəsinin 70.3-cü bəndi yeni redaksiyada verilib: “Dəyişikliyə əsasən, Milli Məclisdə dövlətlərarası və qanunlardan fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, qanunların uyğunlaşdırılması məqsədilə ilə hazırlanıb, həmçinin ad və rəqəm dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda baxılır. Bundan başqa, qanunvericilik təşəbbüsü hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun üçüncü oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir. Burada “üçüncü” sözü “yekun” sözü ilə əvəz edilir”.
Komitə sədrinin sözlərinə görə, qanunun 75-ci (Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi) maddəsinin 1-ci bəndi də yeni redaksiyada verilir: “Normativ hüquqi aktın qəbul edilməsindən irəli gələrək qüvvədə olan normativ hüququ aktlarda edilən dəyişikliklər, həmçinin ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir”.
Əli Hüseynli əlavə edib ki, 76-cı (Normativ hüquqi aktların ləğv edilməsi qaydası) maddəsinin 3-cü bəndi yeni redaksiyada verilir: “ Belə ki, Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktda bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və.s) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir”.
Komitə sədri qeyd edib ki, qanuna 83.1-1 maddəsi əlavə edilir: “Maddəyə əsasən, Konstitusiyada nəzərdə tutulmuş hallarda Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulan Prezidentin fərmanları Milli Məclis təsdiq etdikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir. Layihədə bildirilib ki, bu, normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədi ilə təklif olunur”.
Qanun layihəsinə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB