İranın müdafiə naziri: “Kənar ölkələr çalışır ki, bölgədə Dağlıq Qarabağ adlı böhran davam etsin" - MÖVQE

İranın müdafiə naziri: “Kənar ölkələr çalışır ki, bölgədə Dağlıq Qarabağ adlı böhran davam etsin" - MÖVQE

İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır. SİA-nın xəbərinə görə, bunu İranın müdafiə naziri, general Əhməd Vəhidi Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində 18 ildir çalışsa da, nəticə əldə edə bilməyib.

İranlı nazir münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən tədbirlərin arzu olunan nəticələr verməməsini digər ölkələrin münaqişənin həllində maraqlı olmaması ilə izah edib: "Kənar ölkələr çalışır ki, bölgədə belə bir böhran davam etsin. Böhranın qalması, həll olunmaması onların bölgədə qalması deməkdir. Biz dəfələrlə bəyan etmişik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

Ötən gün onunla görüşdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin "Bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərir" fikrinə isə İranın müdafiə naziri "Biz təcavüzkarı hər zaman pisləyirik", - deməklə münasibət bildirib.

Dağlıq Qarabağda müharibə başlayarsa İran hərbi sferada Azərbaycana yardımı ilə bağlı SİA-nın sualını cavablandıran nazir: "Bu elə məsələdir ki, Azərbaycan qardaşlarımıza qayıdır. Biz münasibətlərin inkişafı üçün buradayıq. Biz iki qardaş, müsəlman və eyni dinə malik olan ölkəyik. Böyük müştərək sərhədlərə malikik. Bu dedyimiz tellər bizi bir birmizə çox yaxınlaşdırır"-deyə bildirib.

İranın müdafiə naziri eyni zamanda İranın Xəzər dənizində Azərbaycanla, həmçinin digər sahil ölkələri ilə bir yerdə hərbi təlimlər keçirə biləcəyini bildirib. Onun sözlərinə görə, bu cür təlimlər bölgədə sülhün və asayişin qorunmasına xidmət etməyə yönəlir.

İranın son illər Xəzər dənizindəki hərbi qüvvələrini yeni gəmilərlə gücləndirməsinin bölgədə qüvvələr balansına təsiri ilə bağlı sualının cavablandıran nazir bunun Xəzər regionunda sabitliyi pozmayacağını qeyd edib: "İran Xəzər dənizini sülh, təhlükəsizlik və dostluq dənizi sayır. Bizim fəaliyyətimiz də buna yönəlib. Sahil ölkələri ilə yaxşı münasibətlərimiz var və bu addımlar hamı ilə razılaşdırılıb".

Ə.Vəhidi məlumat verərək bildirib ki, səfər uğurlu keçib, görüşlərdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə