"Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir" MÖVQE

"Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir" MÖVQE

"Konstitusiya hər bir cəmiyyətin hansı idarəçilik formasını, insan hüquq və azadlıqlarına yanaşmasını, dövlətin müxtəlif sahələrdə, iqtisadi və sosial inkişafda, beynəlxalq münasibətlərdə rəhbər tutduğu başlanğıc prinsipləri bəyan etdiyi ana qanundur. Hər bir dövlətin konstitusiyası onun milli məqsədlərini müəyyən edir, onları əks etdirir". Bu fikirləri SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov 12 noyabr Konstitusiya Günü ​ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, bir qayda olaraq, konstitusiyaların məqsədləri, məramları qısa olaraq onların preambulalarında öz əksini tapır: "Bizim konstitusiyamızın da məqsədlərini aydın şəkildə konstitusiyamızın preambulasında görmək olar. Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik olan Ana Qanununda dövlətçiliyin möhkəmləndirilməsi və sivil cəmiyyətin formalaşması xalqın niyyəti kimi bəyan edilmişdir. Yəni, konstitusiyamızın hər bir müddəası bu niyyətlərin reallaşdırılmasına xidmət edir".

Deputat söyləyib ki, Konstitusiyanın məzmunu, keyfiyyəti, ictimaiyyətin maraqları ilə uzlaşma səviyyəsi ilə dövlətin gücü və davamlı inkişafı arasında birbaşa əlaqə mövcuddur: "Azərbaycan dövlətinin də bugünkü gücündə, beynəlxalq nüfuzunda, sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir. Bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən Konstitusiyanın nəticəsidir. Konstitusiyamız nəinki sivil cəmiyyətin möhkəmlənməsi və inkişafı üçün tam çərçivəni müəyyən edir, həm də onun formalaşmasında hüquqi əsas kimi çıxış edir. Dövlətin hüquqi və demokratik təsisat kimi formalaşması üçün eyni qaydada fəal vətəndaş iştirakçılığı zəruridir. Vətəndaş iştirakçılığı isə məhz konstitusiyanın müəyyən etdiyi hüquq və azadlıqlar vasitəsilə tanınır və həyata keçirilir. Nəticədə, sivil cəmiyyətin formalaşması prosesi öz başlanğıcını məhz konstitusiyanın müddəalarından götürür".

V. Hüseynov əlavə edib ki, 12 Noyabr Konstitusiya Günü Azərbaycan xalqı üçün çox dəyərlidir: "1995-ci il 12 noyabr tarixində Azərbaycan xalqı təkcə Konstitusiya layihəsinə deyil, bütövlükdə bu günkü demokratik, hüquqi, güclü Azərbaycan dövlətinə səs verib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə