Xaçmaz RİH başçısının I müavini Akif Mərdanov “Yeni Müsavat”da haqqında yazılanları böhtan adlandırdı
Xaçmaz rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Akif Mərdanov mətbuatda onunla bağlı gedən məlumata etirazını bildirib.
Akif Mərdanov SİA-ya verdiyi açıqlamasında "Yeni Müsavat" qəzetinin 8 oktyabr tarixli sayında E.Qədimovun imzası ilə yazılmış "İcra başçısının l-ci müavininin adı sahibkarın qətlində hallanır" başlıqlı məqaləyə kəskin etirazını bildirib və məlumatların böhtan olduğunu qeyd edib: "Məqalədə bildirilir ki, guya mənim qətlə yetirilmiş "Arzu" ticarət mərkəzinin direktoru N.Babayeva ilə hansısa məhkəmə çəkişmələrim olub. Bildirirəm ki, heç vaxt və heç bir şəraitdə adı gedən ticarət mərkəzi və onun rəhbərliyi ilə məhkəmə çəkişməm olmayıb. Rayonda antisanitar vəziyyəti, insanların bilərəkdən incidilməsi faktları ilə tanınan bu ticarət mərkəzi - bazar, əvvəllər də rayonda müəyyən mənada narazılıqlara səbəb olub".
A.Mərdanov qeyd edib ki, məqalədə iddia olunduğu kimi, "Yeni Müsavat" qəzetinin müxbiri Xaçmaz RİH-ə müraciət etməyib: "Məqalədə göstərilir ki, guya qəzetin müxbiri Xaçmaz RİH-lə əlaqə saxlayaraq, mənə ünvanlanmış ittihamlara cavab almaq istəyib. Lakin mən suallardan yayınmışam və istintaqa çağırılaraq dindirilmişəm. Birmənalı şəkildə bildirirəm ki, mənə "Yeni Müsavat" qəzeti tərəfindən heç bir müraciət olmayıb və mən heç bir istintaq orqanına dəvət olunmamışam".
A.Mərdanov yazını böhtan hesab etdiyini deməklə yanaşı, qeyd edib ki, barəsində uydurmalar yayan, şəxsi və vəzifə nüfuzuna xələl gətirmək istəyən qəzetin rəhbərliyinə kəskin etirazını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB