Oktyabrın 7-də Strasburqda Avropa Şurasının iqamətgahında Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY tərəfindən təşkil edilmiş " TÜRKSOY rəsm sərgisi" adı altında sərgisinin rəsmi açılışı olub.
SİA-nın məlumatına görə, sərgini açan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu 2010-cu ilin mədəniyyətlərarası dialoq ili olduğunu xatırlatmış, TÜRKSOY-un türk xalqlarını yaxınlaşdırmaq sahəsindəki fəaliyyətindən danışıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov təşkilatın yaranma tarixindən, vəzifəsindən, gördüyü işlərdən bəhs ediblər.
AŞPA-nın payız sessiyasına dəvət olunmuş Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül sərgidə nümayiş etdirilən Azərbaycan, qazax, qırğız, özbək, türkmən, tatar, türk, başqırd, habelə Ukranyada, Bolqarıstanda və digər ölkələrdə yaşayan türkdilli rəssamların əsərləri ilə tanış olub.
Sərginin açılışında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Qazaxıstandan gəlmiş deputatlar, Strasburq ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
TÜRKSOY-un baş katibi qurumun emblemini AŞPA-nın sədrinə, Almaniyada yaşayan həmyerlimiz Əşrəf Heybətovun " Mədəniyyətlərarası dialoq" tablosunu isə Avropa Şurasına hədiyyə edib. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan musiqiçilərdən ibarət kvartet türkdilli xalqların musiqisindən parçalar səsləndirib.
Sərgidə 40-dan artıq rəsm əsəri nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB