“Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə neqativ fikirlər səsləndirməsi çox gülüncdür. Çünki Ermənistan “əli ətə çatmayan pişik” vəziyyətinə düşüb”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, əgər BTQ layihəsi ABŞ, Avropa Birliyi və Çin tərəfindən dəstəklənib müdafiə olunursa, Ermənistan kimi cırtdan ölkənin layihənin əksinə danışması yalnız özlərini vəziyyətdən çıxarmağa hesablanıb: “Layihənin möhtəşəmliyi və onun dünya iqtisadiyyatına verəcəyi töhfə göz qabağındadır. Əgər dəmiryolu vasitəsilə Pekindən çıxan qatar 15 gün ərzində Londona çata bilirsə (əvvəllər Rusiya ərazisindən keçərkən bu 30 gün idi) və yük daşımalarda qiymətlər hər ton üçün 50 dollardan 30-25 dollara düşə bilirsə, kim bu layihəni alqışlamaz və ona qoşulmağa can atmaz?”.
Q.Hüseynli qeyd edib ki, BTQ layihəsi vaxtilə tarixdə böyük rola malik olan, Asiya ilə Avrasiya qitəsini birləşdirən Böyük İpək Yolu layihəsinin yeni, müasir variantıdır: “Bunun effektli olub-olmayacağını söyləməyə cəsarəti çatanlar aciz adamlardır və onlar layihədən kənarda qaldıqları üçün məsələyə bu cür yanaşırlar.
Politoloq vurğulayıb ki, işə düşən layihənin effektli olub-olmayacağı Ermənistanı narahat etmir: “Onları narahat edən məsələ Azərbaycanın hər il Bakı-Tbilisi-Qars dəmiryolundan ilik illərdə 50, daha sonra isə 100 milyon dollar qazanc əldə etməsidir. Bundan başqa Ermənistanı əsas narahat edən məsələ onların beynəlxalq dəmiryolu layihələrinə buraxılmamasıdır. Ermənistanın yeganə çıxış yolu BTQ-yə qoşulmaq idi ki, ona da Azərbaycan yol verə bilməz. Çünki dəmiryolunun Türkiyəyə qədər olan hissəsi ölkəmiz tərəfindən maliyyələşib. Azərbaycan bu layihədə aparıcı rola malikdir. Gürcüstan da Ermənistanın bu layihəyə qoşulmasında maraqlı deyil. Çünki, Ermənistan Gürcüstan ərazisində separatçı qüvvələri fəallaşdıran ölkələrdən biridir. Belə olan halda, Ermənistan tərəfindən layihə ilə bağlı səslənən neqativ fikirləri özlərindən başqa heç kim eşitmir və ciddiyə almır”.
Düşmən mətbuatında Ermənistanın BTQ-yə qoşulması üçün şərtlər irəli sürməsi ilə bağlı məsələyə toxunan politoloq deyib: “Kimdir Ermənistanı BTQ-yə cəlb edən? Ermənistan Azərbaycan və Türkiyə, müəyyən qədər də Gürcüstan tərəfindən blokadaya alınıb və onun dəmiryoluna heç bir çıxışı yoxdur. Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq. Düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu fitnəkar planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, bu cür layihələrə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir. Çünki, bütün layihələr Azərbaycanın təşəbbüsü ilə gerçəkləşir və onların həyata keçməsində açar rolunu da ölkəmiz oynayır. Azərbaycanın razılığı olmadan Cənubi Qafqaz ölkələrinin heç biri bu layihələrə cəlb edilə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB