Ərdoğan: "Həyata keçirdiyimiz layihələrdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq"

Ərdoğan: "Həyata keçirdiyimiz layihələrdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq"

" "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı münasibətiilə sizinlə bir arada olmağıma şadam. Bu gün ölkələrin rifahı istiqamətində yeni addım atılır. Yeni İpək Yolunun bir həlqəsi, Şərq-qərb nəqliyyat dəhlizinin əsas hissəsi istifadəyə verilir". SİA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğanın sözlərinə görə, artıq Londondan Pekinə qatar maneəsiz gələcək: "Azərbaycanlı dostlarımız deyir ki, zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir. Bu layihənin bütün bölgəmiz, xalqlarımız üçün xeyirli olmasını diləyirəm. Azərbaycan, Türkiyə və Gürcüstan dünyanın ürəyi adlanan bir hissədə yerləşir. Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq. Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq".

R. T. Ərdoğan nəzərə çatdırıb ki, bölgənin qədim dövlətləri olaraq birgə daha böyük layihələrə imza atıla bilər: "Cənub Qaz Dəhlizi bunlardan biridir. Bir daha hər kəsi təbrik edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə