“KVN”çi AXCP sədri Əli Kərimlinin “kitabını” bağladı TƏRS BAXIŞ

Üstəlik, bonus olaraq, sillə də “vurdu”

Bəlli olduğu kimi, AXCP sədri, “Milli Şura”nın qeyri-rəsmi sədri Əli Kərimli “Planet Parni iz Baku”nun Dövlət Yol Polisi (DYP) tərəfindən tətbiq olunacaq yeni cərimələrlə bağlı yumorundan siyasi dividentinə xallar qazandırmağa cəhd edib və bu məsələnin yumor olduğunu bilə-bilə özünü gülünc həddə çatdırıb. Hətta “KVN”in aparıcı simalarından olan Bəhram Bağırzadəyə “təşəkkür” belə göndərməyi unutmayıb. Lakin məsələ ondadır ki, növbəti mitinqinə adam cəlb edəcəyini məhz bu vasitə ilə düşünən Ə.Kərimli ciddi şəkildə yanılıb. Çünki qarşı tərəfin cavabı onun bütün planlarını demək olar ki, alt-üst edib. Daha dəqiqi isə, “Planet Parni iz Baku”nun bədii rəhbəri Tahir İmanov Ə.Kərimliyə necə deyərlər, tərs sillə “vurub”.

“Məgər bilmirlər ki, Bəhram və “Parni iz Baku” komandasının üzvlər başda Anar Məmmədxanov olmaq şərtilə Heydər Əliyev kursunun əsgərləri olub və olacaq?!”

T.İmanov AXCP sədrini ağılsız adlandırıb və deyib ki, nəninki o, eləcə də yanındakılar da eyni vəziyyətdədirlər. “Birinci sinif şagirdi bunlardan ağıllıdır”-deyə qeyd edən bədii rəhbərə görə, B.Bağırzadənin yumoristik çıxışını “mitinqə çağırış” kimi qiymtətləndirmək səviyyəsizlikdir: “Məgər bilmirlər ki, Bəhram və “Parni iz Baku” komandasının üzvlər başda Anar Məmmədxanov olmaq şərtilə Heydər Əliyev kursunun əsgərləri olub və olacaq?! Bunlar məgər bilmirlər ki, “Parni iz Baku” komandası öz seçimini hələ 1993-cü ildə edib? 1998-ci ildə də biz Rusiya ulduzları ilə birlikdə Heydər Əliyevə dəstək konsertində iştirak edib? Biz 2003-cü ildə İlham Əliyevi dəstəkləmişik. O vaxtdan da bütün konsertlərimizdə ölkə başçısını dəstəkləmişik, dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Bunlar bunu bilmirlər? Bilmirlərsə, sosial şəbəkələrdə, “YouTube”, ümumiyyətlə, internetə girib baxsınlar, məlumat toplasınlar, görsünlər. O ki qaldı tənqidə, bu, ömür boyu olub. Biz həmişə cəmiyyətdə baş verən nöqsanları, mənfi cəhətləri tənqid etmişik, edirik və edəcəyik. Bu, bizim komandanın üslübudur. Birbaşa Heydər Əliyevin qarşısında çıxışımız olub, o da bunu dəstəkləyib”.

“Bizdən çox camaatı özlərinə güldürürlər, mitinqlərə 600-700 adam gəlir”

Yeri gəlmişkən, T.İmanov Ə.Kərimlinin ətrafında intellektli adamların olmadığını da deyib. “Ətrafınızda intellektli gəncləriniz, yaradıcı insanlarınız yoxdur? Özünüz çarx fikirləşin və bununla da insanları mitinqə çağırın da”-deyə istehza ilə danışan “KVN”çi əlavə edib: “Görünür, bunların fantaziyaları yoxdur. Bir il ərzində hakimiyyətdə olublar və fantaziyalarını göstəriblər. Mən onların yerində olsam, susardım, bundan sonra da ümumiyyətlə, siyasətlə məşğul olmazdım. Gedin, rəsm əsəri çəkin, mahnı oxuyun. Bununla daha çox hörmət qazanarlar. Birincisi, bizim çörəyimizi əlimizdən alırlar. Çünki bizdən çox camaatı özlərinə güldürürlər, mitinqlərə 600-700 adam gəlir. Lap min nəfər gəlsin. Gülməli bir mitinqdir. Mitinqlər bilirik necə olur. Heç vaxt yadımdan çıxmaz, Heydər Əliyev efirdə xalqa müraciət etdi. Bir saatdan sonra Administrasiyanın qarşısı insanlarla doldu. Xalqın sevgisi, ölkə başçısına sədaqəti budur. Biz sadiqliyimizi əməllərimizlə sübut etmişik. Bu söhbəti şişirdib-qabardanlar da çıxacaq. Biz bundan da qorxmuruq. Bir daha təkrar edirəm, “Parni iz Baku” Heydər Əliyev kursunun əsgəridir”.

Beləliklə, AXCP sədri Ə.Kərimlinin kitabını bu dəfə “KVN” bağladı və üstəlik necə deyərlər, bonus silləsi də “vurmuş” oldu. Çətin ki, Ə.Kərimli bundan sonra hər avazdan çıxanı öz siyasi dividentinə xal torpamaq üçün yazsın…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə