"Zirvə görüşü regional əməkdaşlığın yeni formalarına imkan yaradır" MÖVQE
"İstanbulda keçirilən D-8 Zirvə görüşünə Azərbaycan Prezidentinin qonaq qismində dəvət edilməsi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycanın təşəbbüsü ilə qlobal layihələrin həyata keçirilməsi, sivilizasiyalararası dialoqun təşkil edilməsi, islamafobiya ilə mübarizə Azərbaycanın rolunu beynəlxalq əməkdaşlıq platformalarında gücləndirir: "Bu baxımdan D-8 zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artdığını göstərir. Bildiyiniz kimi Türkiyə Prezidenti 2015-ci ilin noyabr ayında “Böyük iyirmilər”in Antalya şəhərində keçirilən Zirvə görüşünə də Azərbaycan Prezidentini dəvət etmişdi. Bu dəfə də D-8 görüşünə Azərbaycan Prezidenti dəvət olundu. Bu, həm Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, həm də Azərbaycanın, Prezident İlham Əliyevin regionda və xüsusilə də islam dünyasında böyük nüfuzundan irəli gəlir".
D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyanın daxil olduğunu deyən T.Mirkişili söyləyib ki, tədbir vasitəsilə Azərbaycanın həmin ölkələrlə daha da yaxınlaşması, ölkəmiz üçün həm siyasi həm də iqtisadi sahədə çox önəmlidir: "Bildiyiniz kimi Təşkilata üzv olan Türkiyə və İndoneziya G-20-nin üzvüdür. Üzv ölkələr arasında ticarət dövriyyəsi 100 milyard dollardan çoxdur. Bu baxımdan hesab edirəm ki, zirvə görüşü həm də regional əməkdaşlığın yeni formalarının yaranmasına imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə