Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır. SİA-nın xəbərinə görə, oktyabrın 8-dək davam edəcək sessiyada prioritet məsələ kimi "Avropada milli təhlükəsizliklə bağlı müzakirələrin artması: Roma məsələsi" müzakirəyə çıxarılacaq, mövzu ətrafında keçmiş Yuqoslav Respublikası Makedoniyanın baş naziri Nikola Gruevski, Almaniyanın xarici işlər naziri Quido Vestervelle çıxış edəcəklər. Sessiyada ekstremizmə qarşı mübarizə, insan haqları, uşaqların hüquqları ilə bağlı məruzələrin də müzakirəsi nəzərdə tutulur. Türkiyə prezidentinin xanımı Hayrunnisə Gülün xəstə və əlil uşaqların təhsil hüququnun təmin olunması ilə bağlı müzakirələrdə iştirak edəcəyi gözlənilir.

 

Sessiyada həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Şurası İnkişaf Bankının fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək. AŞPA-nın payız sessiyasının ilk günü qurumun prezidenti çıxış edəcək, daha sonra vitse-prezidentlərin seçilməsi, İnsan Haqları üzrə Avropa Konvensiyanın 60 illiyinin qeyd olunması gözlənilir. Sonrakı günlərində sessiyada AŞPA-nın baş katibi, Avropa İnsan Haqları Məhkəməsinə Estoniya, Yunanıstan və Portuqaliyadan hakimlər seçiləcək, Ukraynada demokratik institutların fəaliyyəti, Baltik dənizi regionunun sosial-iqtisadi potensialı müzakirə olunacaq.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün artıq Strasburqdadırlar. Nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər.

 

Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun "Səs və işıq ifratları" adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə