Rəsul Quliyev yenə, amma... SİYASİ RAKURS

Rəsul Quliyev yenə, amma... SİYASİ RAKURS

Ənənəvi müxalifət eks-spikerə qarşı çıxış edir

Bir müddət öncə ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin sosial şəbəkə vasitəsilə 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərinə qatılması üçün namizədliyini irəli sürəcəyi, eləcə də ölkəyə geri dönəcəyi ilə bağlı fikirlərini açıqlaması ənənəvi müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Xüsusilə, 2005-ci ildə parlament seçkiləri ərəfəsində Azərbaycana qayıdacağını vəd etmiş və ADP-yə həmsədrlik etmiş R.Quliyevi dəstəkləyən ənənəvi müxalifət onun bu dəfəki fikirlərinə qarşı çıxış edirlər. Düzdür, nə ənənəvi müxalifət “liderləri”, nə də R.Quliyev ucuz təfəkkür və utopik siyasi təxəyyül baxımından qətiyyən dəyişilməyiblər. Çünki illərin ötməsinə baxmayaraq, dar çərçivədə formalaşmış “siyasi baxışlar” inkişaf etməməklə yanaşı, ortada hər hansı bir yenilik də yoxdur. Bu baxımdan, R.Quliyevin “gəlirəm” tipli növbəti mesajı nə xalq, nə də keçmiş dostları tərəfindən ciddi qəbul olunmamaqdadır.

İsgəndər Həmidov 2005-ci ili xatırladıb və Rəsul Quliyevi qorxaq, cəsarətsiz adlandırıb

Başqa tərəfdən, bu gün ortada olan və uzun illərə söykənən siyasi ambisiyalar baxımından düşərgədə bir-birlərinə qarşı açıq, ya da gizli savaşlar elan edən Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və s. şəxslər R.Quliyevin də adının onların arasına qatılmasını istəmirlər. Ancaq buna baxmayaraq, eks-spiker qayıtmaq iddiası qalsın bir yana, hətta müxalifətin “vahid namizədi” olacağını da bəyan edib.

Bu arada, sabiq Müsavat başqanı İsa Qəmbərin siyasi cəhətdən yedək qurumu hesab edilən “Milli Strateji Düşüncə Mərkəzi”nin (“MSDM”) üzvü, Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) “lideri” İsgəndər Həmidov mövzu ilə bağlı mətbuata açıqlamasında ironik münasibət sərgiləyərək deyib ki, R.Quliyev həmin iddianı irəli sürərkən, sərxoş olub. “Yəqin ki, Rəsul Quliyev yenə də barda filanda oturub və əhvalı yaxşı olanda Azərbaycana qayıtmaq və seçkidə iştirak etmək xəyallarını qurub”-deyə fikir bildirən “MSDM” üzvü onun növbəti vədinə inananları ümidlənməməyə dəvət edib. O cümlədən, eks-spikeri qorxaq və cəsarətsiz adlandırıb: “Rəsul Quliyev o dərəcədə cəsarət sahibi deyil ki, hansısa təqib olunmağı, həbsə düşməyi gözə alsın və bunlardan çəkinməsin. 2005-ci ildə də deyirdi ki, türməyə düşsə də, ölüm təhlükəsi olsa da gələcək.”

İ.Həmidov da 2005-ci ili xatırladaraq, R.Quliyevin bənzər vədinə xilaf çıxdığını, hətta ona görə tərəfdarlarının həbs olunduğunu deyib və bütün bunların məhz onun qorxaqlığının nəticəsi hesab etdiyini bildirib: “...Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir”.

AMDP sədri R.Quliyevin hətta gəlməsinə şəraitin yaradılacağı və geri dönəcəyi halda müxalifətin ona dəstək verməyəcəyini bildirib: “Rəsul Quliyevin seçkidə iştirak etməsi və hətta müxalifətin vahid namizədi olmasını isə heç cür ağlıma sığışdıra bilmirəm. Əvvəla, qanunvericiliyə görə son on ildə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı namizədliyini verə bilər. Rəsul Quliyevin müxalifətin vahid namizədi olması məsələsini ciddi şəkildə ortaya atsalar və müxalifət düşərgəsinə bu barədə müraciət etsələr, “Milli Strateji Düşüncə Mərkəzi”ndə bu məsələni müzakirə edib hansı qərara gəldiyimizi elan edərik. Amma şəxsən mən İsgəndər Həmidov kimi Rəsul Quliyevin vahid namizəd olmasının əleyhinə olaram".

Sabiq müsavat funksioneri Tural Abbaslı isə eks-spikerin yadına həbs olunacağı ilə bağlı fikirlərini xatırladıb

Digər müxalifətçi, sabiq Müsavat funksioneri Tural Abbaslı da R.Quliyevin bundan sonra müxalifət üçün heç bir səmərə verməyəcəyini hesab etdiyini düşünür və iddia edir ki, ümumiyyətlə, prezidentliyə namizəd olmaq istəyən şəxs mütləq Azərbaycan sərhədləri daxilində olmalıdır: “Xarici dövlətdə oturaraq prezidentliyə namizədliyini vermək istər hüquqi, istərsə də texniki baxımdan xeyli çətin məsələdir”.

T.Abbaslı R.Quliyevin öz qorxaqlığını etiraf etməsini də xatırladıb. “O ki, qaldı Rəsul Quliyevin qayıtması məsələsinə, mən bildiyim qədər Rəsul bəyin özü də dəfələrlə bildirib ki, Azərbaycana qayıdıb həbsxanaya girmək fikrində deyil”-deyə fikir açıqlayan sabiq müsavatçı iddianın reallaşmayacağını bildirib: “Qeyd olunan bütün məqamları nəzərə aldıqda isə indiki halda Rəsul bəy müxalifət üçün o qədər cazibədar namizəd görünmür. Odur ki, müxalifətin vahid namizəd olmaq şansı yoxdur”.

Naftalin iyi verən “siyasi fiqurlar” nə qədər uzun müddət qalacaqlarsa, xəyanətkar, satqın müxalifət ictimai rəy tərəfindən daha çox rədd ediləcəklər

Beləliklə, fakt budur ki, R.Quliyev ölkəyə geri dönsə də, dönməsə də iddiasını ortaya atıb və bu amil əslində ənənəvi düşərgəni az, ya da çox narahat etməyə başlayıb. Misal üçün, bu gün hazırda R.Quliyevi dəstəkləyən “Gələcək Azərbaycan Partiyasıdır” ki, bu partiyanın resursları məhz sabiq spiker tərəfindən təmin olunur. Lakin “GAP” da digər müxalifət partiyaları kimi heç bir ictimai dəstəyə malik deyil. Məhz bu amili də nəzərə alarsaq, R.Quliyevin iddiasının gerçəkləşəcəyini düşünmək olmaz.

Nəticə olaraq, ortaya belə bir fikir çıxır ki, hətta R.Quliyev ölkəyə geri dönməsə belə, yəni növbəti dəfə vədinə xilaf çıxarsa, parçalanmış, fəaliyyətsiz və heç bir siyasi-ictimai məntiqi əsaslara söykənməyən müxalifətin 2018-ci il ümidləri doğrulmamış qalacaq. Bu düşərgədə Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və s. naftalin iyi verən “siyasi fiqurlar” nə qədər uzun müddət qalacaqlarsa, xəyanətkar, satqın müxalifət ictimai rəy tərəfindən daha çox rədd ediləcəklər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə