Milli Qəhrəman Fazil Mehdiyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Bu gün Beynəlxalq İnformasiya Mərkəzinin sədri, "Milli Qəhrəmanlar" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, elm adamları və Milli Qəhrəmanların ailələri iştirak ediblər. Tədbiri giriş sözləri ilə açan Fikrət İsmayılov Milli Qəhrəmanımız haqqında təqdirəlayiq fikirlər bildirərək anım mərasimini yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, bu günki gənclər vətən sevgisini bu cür qəhrəmanlardan öyrənməlidir: "Əgər bir insan vətəni uğrunda canından keçirsə deməli biz belə insanları həmişə anmalıyıq. Gənclər Fazildən və onun kimi qəhrəmanlardan örnək götürməlidirlər. Müstəqil dövlətimiz belə şəxslərə və onların ailələrinə verdiyi dəyəri də hər əməlində açıq şəkildə göstərir".

Daha sonra çıxış edən Mirbəşir Seyidzadə də bu anımın keçirilməsinin Dövlət başçısının belə gənclərə verdiyi diqqətin göstəricisi olduğunu deyib: "Prezidentimiz belə gənclərin cəsarətinə hər zaman diqqətlə yanaşır. Məhz bunun nəticəsidir ki Fazil Mehdiyev və Mübariz İbrahimov kimi gənclərin adları tarixə qızıl hərflərlə yazılır. Azərbaycanda bütün adlardan üstün olan Milli Qəhrəman adının bu gənclərə layiq görülməsi, onların ailələrinin diqqətdən kənarda qalmaması, ən azından onlara qarşı dövlətin laqeyd olmadığını göstərir".

Tədbir Milli Qəhrəman haqda müxtəlif dəyərli fikirlər əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə