Rəsul Quliyev faktoru bu sualın cavabını kifayət qədər verir
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin minlərlə tərəfdarlarının dəstəyi ilə Ukraynaya geri dönməsi, eləcə də bu qayıdışının ajiotaj şəkli alması istər-istəməz bizlərdə belə sual yaratdı ki, o buna necə nail oldu? Çünki Saakaşvilinin bu addımı Azərbaycanın siyasi arenasında özlərini “ana müxalifət” adlandıran cəbhəçi və müsavatçı, eyni zamanda digər partiya sədrlərinin aşkar qısqanclıqları ilə müşahidə olundu. Diqqət yetirsək görərik ki, gündəmdə qalmaq üçün dünyada baş verən ən xırda hadisəyə belə münasibət bildirən “liderlər” Ukraynada baş verən mövcud olay barədə danışmağa heç də meylli görünmürlər. Uzağı bir neçə kəlmə ilə yaxalarını kənara çəkib-gizlənirlər. Onlar hətta qısqanclıq hisslərini də gizlədə bilmirlər. Halbuki, Ukraynada baş vermiş sonuncu “Maydan” hadisələri dövründə məhz həmin bu “liderlər” elə bir haray-həşir salırdılar. Sanki həmin hadisələrin qısa zamanda Azərbaycanda da baş verəcəyi düşünülürdü. Biz hələ İsa Qəmbərin Ukrayana gedib özünü biabır etməsini demirik...
Hətta mümkün olmayan utopik vədlər belə, xalqı ona tərəf çevirə bilmədi!
Lakin onların bu istəkləri də digərləri kimi havadan asılı olaraq qaldı və beləcə “inqilab arzusu” havaya buxarlandı. Bəs qısqanclığın səbəbləri nədədir? Bu suala cavab tapmaqdan ötrü biz yenidən bir neçə il öncələrə qısa tarixi ekskurs etməliyik.
Misal üçün, eks-spikeri Rəsul Quliyev də 2005-ci ildə ətrafında ajiotaj yaratmaq cəhdi ilə ölkəyə geri dönmək istəyirdi. Məqsəd bu idi ki, həmin il parlament seçkiləri öncəsi onun elə də çox olmayan tərəfdarları ölkə ərazisində təbliğatını aparır, hətta mümkün olmayan utopik vədlər də verilirdi. Ancaq sonda o, qorxdu və dərk etdi ki, kifayət qədər cinayət əməllərinə yol verdiyinə görə ölkəyə qayıdar-qayıtmaz qanun qarşısında cavab verməli olacaq. Nəticədə R.Quliyev ona inananlar qarşısında rüsvay oldu və qorxaq damğası ilə Ukraynaya geri döndü, oradan da ABŞ-a köçdü.
Rəsul Quliyevin cəsarətsizliyi, cürətsizliyi onların da kifayət qədər payına düşdü
Bu da son deyil. Misal üçün, həmin vaxtlar əllərinə düşən bu fürsətdən maksimum yararlanmağa çalışan AXCP sədri Əli Kərimli, Müsavatın o zamankı başqanı İsa Qəmbər, ADP-nin hazırkı sədri Sərdar Cəlaloğlu, ALP-nin sabiq sədri Lalə Şövkət, AXP sədri Pənah Hüseyn və daha kimlər-kimlər də xalqın qarşısında biabır oldular. Çünki onlar da R.Quliyevi qarşılamaq üçün bir araya gəlmişdilər. Beləliklə, R.Quliyevin cəsarətsizliyi, cürətsizliyi onların da kifayət qədər payına düşdü. Halbuki M.Saakaşvili hazırda şəxsiyyətini rəsmi şəkildə təsdiq edən sənədə də malik deyil, onun pasportu belə yoxdur, amma R.Quliyevin vətəndaşlığını təsdiq edən sənəd var idi, yəni hüquqi cəhətdən o ölkə ərazisinə daxil ola bilərdi, təhlükə isə 100 %-lik həbs idi.
Belələrinin Saakaşvili ilə müqayisədəki “çəki” fərqləri kiloqramlarla deyil, tonlarla ölçülür
Saakaşvili Quliyevdən fərqli olaraq daha ağır təhlükə qarşısındaydı, o sənədsiz şəkildə Polşadan Ukraynaya keçdi və ukraynalı sərhədçilərin ona atəş açmaq hüquqları var idi. Fərq isə bundadır: R.Quliyev həbs olunmaqdan qorxdu, M.Saakaşşvili isə ölümü belə gözə alaraq sərhədi keçdi!
Bax, bu reallıqlar qarşısında bu gün Azərbaycan hakimiyyətinə əks olaraq danışan, danışanda ağızlarına çullu dovşan yerləşməyən “liderlər” indi susub-dayanıblar. Bilirlər ki, danışsalar, ağızlarından vurulacaqlar.
Bu gün özlərini “idealist”, ya da “mübariz” kimi qələmə verənlərin M.Saakaşvili ilə müqayisə edilmələri belə, doğru seçim deyil əslində. Çünki bunlar düşdükləri istənilən ekstremal hallarda yalnız şəxsi mənafelərini güdməklə məşğul olurlar. Belələrinin Saakaşvili ilə müqayisədəki “çəki” fərqləri kiloqramlarla deyil, tonlarla ölçülür və əlbəttə onlar gürcü liderdən qat-qat yüngüldürlər. Kimləri isə imitasiya edib təkrarlamaq cəhdləri isə yuxarıda adları çəkilən və çəkilməyən müxalifətçilərin hansı rüsvayçı durumda olduqlarını daha qabarıq fonda sərgiləyir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB