Bakı görüşünün əhəmiyyətli məqamları ANALİTİK

Bakı görüşünün əhəmiyyətli məqamları ANALİTİK

Rusiyalı polkovnik: “Görüşlərin Azərbaycan paytaxtında keçilməsi belə qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir”

Məlum olduğu kimi, Bakı dünyanın hərbi-siyasi, iqtisadi-mədəni arenasında mərkəz və təşəbbüskar rolunda çıxış etməklə bir daha beynəlxalq aləmdəki yüksək yerini və danılmaz rolunu təsdiq etmiş oldu. Belə ki, bu dəfə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və NATO hərbi komitəsinin rəhbərinin Azərbaycanın paytaxtını danışıqların aparılması istiqamətində mərkəz olaraq seçmələri ölkəmizin əhəmiyyətli məqamlarını ehtiva etmiş oldu. Əbəs yerə deyil ki, istər Qərb, istərsə də Rusiya mətbuatı bu görüşə geniş yer verərək, rəsmi Bakının sülh təşəbbüskarı olaraq qiymətləndirdilər.

“Komsomolskaya Pravda”: “Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını Bakıda müəyyən edir”

Digər tərəfdən, Qərbin maraqlarını təmsil edən Şimal Alyansı ilə rəsmi Moskvanın strateji baxışlarındakı bir sıra mövqelərin üst-üstə düşməsi yönündə Bakının səylərinin müsbət nəticə verdiyini də vurğulamaq mümkündür. Hər iki hərbi-siyasi dairənin ölkə Prezidenti İlham Əliyevlə görüş keçirmələri və həmin görüşlərdə irəli sürülən yüksək fikirlər də belə deməyə zəmin yaradır ki, artıq Bakı, bənzər görüşlərdə vasitəçi, yaxud təşəbbüskar rolunu oynamaqla bunu bir ənənəyə çevirib.

Yeri gəlmişkən, həmin görüş barəsində Rusiyanın aparıcı media qurumlarından olan “Komsomolskaya Pravda” qəzeti də ekspert və politoloq rəylərinə yer ayırıb. Belə ki, bu xüsusda rəy bildirən rusiyalı hərbi-ekspert, istefada olan polkovnik

Viktor Baranets həmin görüş ərəfəsində deyib ki, Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdə olmasına rğəmən, Bakı görüşünün baş tutması münasibətlərə yenilik gətirəcək. SİTAT: “Bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır”.

Görüş haqqında fikirlərini davam etdirən rusiyalı polkovnikə görə, Rusiya-NATO münasibətləri, Şərqi Avropada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Şimali Koreyanın nüvə problemi, ABŞ-ın Cənubi Koreyada hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Suriya münaqişəsi, Ukrayna böhranı, Rusiya-NATO, hərbi sahədə Rusiya-ABŞ əməkdaşlığı məsələlərinin müzakirəsi gələcəkdə görüşlərin intensiv xarakter alacağından xəbər verir.

Bakı görüşü Azərbaycanın regiondakı yerini və rolunu daha da möhkəmləndirir, yaxın perspektivdə beynəlxalq aləmdəki hərbi-siyasi cəhətdən də aparıcı mövqeyə sahib olacağı ehtimallarını doğruldur

Bu baxımdan, V.Baranets son vaxtlar Rusiya və ABŞ, Rusiya və NATO generallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə toxunub. O bu ilin fevralında Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşünün keçirildiyini xatırladıb: “Belə görüşlərin Azərbaycan paytaxtında keçilməsi belə qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir. Bu, birinci məqamdır. İkinci məqam isə Bakının dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var. Təbii olaraq, bu strateji regionda – nəzərə alsaq ki, Suriya Bakıya çox da uzaq deyil – Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını müəyyən etməlidir. Ona görə ki, biz dəfələrlə Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın və Suriya hökumət qüvvələrini dəstəkləyən Rusiya Hərbi Kosmik Qüvvələrinin necə fəaliyyət göstərdiklərini demişik. Biz dəfələrlə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara qarşı Suriyada vahid cəbhədə mübarizə aparmasını təklif etmişik. Lakin heç bir cavab almamışıq. İndi isə Suriyada terrora qarşı mübarizədə mühüm mərhələ yaşanır. İŞİD-in ikinci paytaxtı hesab edilən Deyr-Ez-Zor bölgəsində həlledici döyüşlər gedir. Suriya ordusu Rusiyanın köməyi ilə artıq şəhərin mühasirəsini yarıb. Bildiyiniz kimi, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda İŞİD-a qarşı mübarizə aparır. Ordan qaçan terrorçular isə Suriyaya axın edirlər. ABŞ-ın bu fəaliyyəti İraqdakı terrorçuların Suriyada cəmləşməsinə səbəb olur. Ona görə də bu məsələdə razılığa gəlmək lazımdır. Elə etmək lazımdır ki, terrorçulara qarşı mübarizədə Suriya ordusuna, Rusiyaya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya ziyan gəlməsin”.

Görünən isə budur ki, Bakı görüşü Azərbaycanın regiondakı yerini və rolunu daha da möhkəmləndirməklə yanaşı, yaxın perspektivdə beynəlxalq aləmdəki hərbi-siyasi cəhətdən də aparıcı mövqeyə sahib olacağı ehtimallarını doğruldur. Əks təqdirdə, Bakı bənzər görüşlərin mərkəzi statusunu qazana bilməzdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə