Rotterdamın Bakı küçəsində paytaxtımızı tanıdan barelyef açılacaq
Yaxın vaxtlarda Niderland Krallığının Rotterdam şəhərindəki Bakı küçəsində barelyefin rəsmi açılışı olacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu tədbir Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyinin birgə layihəsi olaraq həyata keçiriləcək. Barelyef yerli sakinlərə və şəhərin qonaqlarına Bakını tanıtmaq məqsədi daşıyır.
Belə ki, 1950-ci illərdə Bakı nefti ilə dolu tanker ilk dəfə Rotterdam limanına gələndən sonra bu şəhərdəki küçələrdən birinə Bakı adı verilib. Ümumiyyətlə, Avropanın ən böyük liman şəhəri olan Rotterdamdakı ənənələrə və qaydalara görə, dünyanın ən tanınmış neft şəhərlərinin adı buradakı küçələrə verilib. Məsələn, Rotterdamda İraqın Mosul şəhərinin adını daşıyan küçə də var.
Bakı küçəsinin artıq yarım əsrdən bəri mövcud olmasına baxmayaraq, rotterdamlılar, hətta bu küçənin sakinləri arasında belə "Bakı" sözünün mənasını, küçənin niyə məhz belə adlandırıldığının səbəbini, tarixçəsini bilənlər azdır. BAK-ın fəxri prezidenti Sahil Qasımov Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, həmin küçədə Bakını təsvir edən, tanıdan barelyefin asılması məhz paytaxtımızı təbliğ etmək məqsədindən irəli gəlir.
"Biz istəyirik ki, bu küçənin sakinləri, şəhər əhalisi, qonaqlar, turistlər Bakı küçəsinin təkcə adını eşitməklə kifayətlənməsinlər, həm də yeni asılacaq barelyefin vasitəsilə Bakının harada yerləşdiyini, necə bir şəhər olduğunu öyrənsinlər"-deyən Sahil Qasımov əlavə edib ki, BAK və Səfirliyimiz bu layihə üzərində 2 ildən çox iş aparıb və barelyefin asılmasına rəsmi icazə almaq heç də asan başa gəlməyib. Çünki Niderlandda küçələrə barelyef asılması həm ənənə deyil, həm də yerli qanunverilcilik buna müəyyən məhdudiyyətlər yaradır.
S.Qasımov bildirib ki, Bakının tanıtımı bu barelyefin asılması ilə yekunlaşmayacaq. Həmin gün Bakı küçəsindəki böyük toplantı salonlarından birində Azərbaycan günü keçiriləcək, ölkəmiz haqqında film göstəriləcək, milli musiqimiz və rəqslərimiz ifa olunacaq.
Tədbirdə Hollandiya rəsmiləri, Azərbaycandan nümayəndələr, diplomatik korpusların təmsilçiləri iştirak edəcəklər. Gələn ildən etibarən isə hər il Bakı küçəsində Azərbaycanı, onun paytaxtını tanıtmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil olunacaq.
S.Qasımov bildirib ki, Qaradağdakı Ələt qəsəbəsində tikilən yeni limanı Hollandiya şirkəti inşa edir. Liman istifadəyə verildikdən sonra Rotterdamdakı Bakı küçəsinin yerləşdiyi rayonla Qaradağ rayonunun qardaşlaşması barədə təşəbbüs də həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB