Şimali Koreya Xalq Demokratik Respublikası – KXDR. Bu ölkə ikinci dünya müharibəsinin ardınca SSRİ ilə ABŞ arasında başlayan və soyuq müharibə nəticəsində yaranan, eləcə də kommunist ideologiyasına əsaslanan ölkələrdən biridir. KXDR bugünlərdə bir neçə atom bombası gücündə olan hidrogen bombasını partladaraq sınaqlar keçirdi. Üstəlik ABŞ-a və bütövlükdə Qərbə açıq meydan oxumağa başladı. Bilmirəm kimin, ancaq Kim Çen Inın başına həqiqətən də at təpib. Xalqını olmazın məşəqqətlər içində yaşadaraq ətraf dünyadan təcrid edən Şimali Koreyanın siyasi lideri çox yəqin ki, sınaqdan keçirdiyi hidrogen bombasına görə ya bədəl ödəməli olacaq, ya da...
Çünki buna qədər də müxtəlif sınaq bəhanələri ilə gah Cənubi Koreya, gah da Yaponiya adaları üzərindən ballistik raketlərini uçurub. Hələlik rəsmi Vaşinqton, rəsmi Tokio və rəsmi Seul rəsmi Pxenyana qarşı bəyanatlar səsləndirməkdədirlər. Uzağı ABŞ-ın prezidenti Tramp Şimali Koreya ilə müharibə versiyasının mümkünlüyünə “baxarıq” cavabını verib. Lakin bunun yerinə, dünyanın aparıcı neft ixracatçısı hesab edilən, OPEK üzvü olan Venesuelaya hərbi təcavüzün mümkünlüyündən danışıb. Bu, amerikalı prezidentin öz işidir əslində, sadəcə, ABŞ demokratiyası ilə bənzər bəyanatlar üst-üstə düşmür. Hələ ki, Kim Çen Inın belə bəyanatları filan yerinə saymaması da öz yerində...
Ümumiyyətlə, “Kim”in bu bəyanatlardan qorxusu var ki..? Məncə də yox, heç bir qorxusu-zadı yoxdur. Belə də ki ona nə var, istəyir xəyanətkar generallarını zenit topunun ağzına bağlayaraq atəş açdırıb edam etdirir, istəyir öz doğma ailə üzvlərini də özünə və ölkəsinə qarşı xəyanətdə ittiham edib atır ac şirərin, pələnglərin ağzına. Çox qəddardır Kim! Hətta Qərb və Qərbin müttəfiqlərinin bəyanatları ağızlarından çıxar-çıxmaz KXDR-in hərbi-siyasi lideri dərhal yeni silahını nümayiş etdirir, ardınca da sınağını keçirir. Deyəsən, dünyada kim-kimədir ki, kim-kimə. Fəqət, “Kim”insə vecinə deyil heç nə...
Hə, o biri tərəfdən də Nobel mükafatı almış Myanma prezidenti Aunq San Suu Ky ölkəsində törədilən kütləvi müsəlman qətliamlarına susqunluq nümayiş etdirir. Sanki bu, belə də olmalıdır və qəddar buddist rahibləri, onlara dəstək olan hərbçilər 3 gündə 3 min nəfəri (!!!-R.) ən ağır şəkildə qətlə yetirməli, uşaq, qoca, qadın demədən süngü-bıçaqdan keçirməliymiş! Mən hələ neçə illərdir ki, qətlə yetirilən müsəlmanları demirəm!
Lakin bu gün Myanmanın rahibləri onların soyqırımı törətmələrinə qarşı etiraz səslərini ucaldan insanları ələ salır, təhqir edirlər. Nəticədə hər iki ölkə rəhbəri dünyaya meydan oxuyurlar. “Kim”in başına at təpibsə, artıq çoxdan təpib. Söz isə artıq dünyanındır. Belə də ki, dünyanı vecinə alan kimdir axı? BMT-nin onlarla qətnamələri var ki, onların heç biri icra olunmur...
RÖVŞƏN
P.S. Artıq, İŞİD “erası” bitir, deyəsən dünyanın başını qatmaq üçün yeni versiyalar elə bunlardır...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB