Düşərgədaşları Pənah Hüseynin dırnaqrarası ideyalarını “topa” tutdu - TƏRS BAXIŞ
AXP sədri bir neçə müxalifət partiyasının "məngənəsində" sıxılıb-qaldı
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn illər öncəki siyasi kontekst baxışından kənara çıxa bilmədiyini bir daha nümayiş etdirib. Daha dəqiq desək, məhz ölkəmizdə baş tutacaq hər hansı siyasi hadisə ərəfəsində üzə çıxmağa alışıq olan AXP sədri bu dəfə də eyni ənənəsinə sadiq qalıb və öz "məsləhətləri" ilə gündəmə çıxmağa cəhd edib. Lakin onun "məsləhətləri" nəninki qulaqardına vurulub, hətta düşərgədaşları tərəfindən "topa" belə tutulub.
SİA-nın məlumatına görə, məsələ ondadır ki, P.Hüseyn müsahibələrinin birində müxalifətin mövcud vəziyyətindən bəhs edərkən, guya həmin vəziyyətdən çıxış yolu tapdığını bildirib və bir sıra təkliflər irəli sürüb. Misal üçün, AXP sədri müxalifətdə yeni Elçibəyin (???-R.R.) yaranmasına ehtiyacın olmadığını deyib və bu "kreativ" fikri ilə gündəmə çıxıb. İndi onu məsxərəyə qoyan müxalifətçilər soruşurlar ki, P.Hüseyn yenə hansı təcrübədən danışır? Çünki uzun illərdir ki, eyni blokda təmsil olunan ənənəvi müxalifət "liderləri" ancaq bir-biri ilə mübarizə aparırlar. Belə ki, seçkilər zamanı dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq.
Altenativ AXCP: "24 ildir eyni simalar, eyni vədlər, mitinqlər, pafoslu çıxışlar…"
Məsələn, Əli Kərimlinin AXCP-nə alternativ olaraq yaradılan Xalq Cəbhəsi partiyasının sədr müavini Ehtiram Mehtiyevə görə, Azərbaycan müxalifətinin təcrübəsi xeyirdən çox ziyan verir. Bu baxımdan, P.Hüseynin fikirləri xülyadır və onun özü də daxil olmaqla, naftalin iyi verən "liderlər" siyasi səhnəni tərk etməlidirlər. Ənənəvi siyasətçiləri tarixin arxivinə göndərmək lazımdır: SİTAT: "Bu adamların cəmiyyətə xeyrindən çox ziyanı var. Ənənəvi müxalifətin təcrübəsi heç bir fayda verə bilməz. Baxın, 24 ildir eyni simalar, eyni vədlər, mitinqlər, pafoslu çıxışlar…"
Ağ partiyanın sədri Tural Abbaslı da P.Hüseynin "ideyalarına" qıyqac baxdığını deyib və sual edib ki, əgər təcrübə vardısa, niyə bu günə qədər effekt vermirdi? "Əslində bu özünüqoruma instiktindən irəli gələn fikirdir"-deyə müxalifətçi bildirib.
AMİP: "Müxalifəti parçalayan qüvvələrdən biri də məhz Pənah Hüseyn olub"
AMİP tərəfdən də AXP sədrinin dedikləri məsxərəyə qoyulub, üstəlik ittiham da olunub. Partiyanın funksioneri Əli Orucova görə isə müxalifəti parçalayanlardan biri də Pənah Hüseyndir. SİTAT: "...Hesab edirəm ki, ilk növbədə bu yanaşma dəyişməlidir. Müxalifət birliklər, bloklar yaradaraq seçkiyə getməkdən qaçmalıdır. Çünki bu üsul effekt vermir. Təəssüflər ki, hər dəfə eyni səhvlər təkrarlanır. Birliklər yaranır, sonra hər hansı bir məsələyə görə bir yerdə olan şəxslər bir-birinə qarşı kəskin fikirlər səsləndirirlər. Müxalifətin daxilində də birlik, bərabərlik yoxdur .Bir-birinə şübhə edən tərəflər var. Elə müxalifəti parçalayan qüvvələrdən biri də məhz Pənah Hüseyn olub".
Beləliklə, fakt ortadadır və bir daha sübut olunur ki, müxalifətdə istənilən "ideyalar" səmərəsiz və nəticəsizdir. O cümlədən, düşərgədə təmsil edilən bütün müxalifətçilərin sözləri bir-birinin həzmindən keçmir. Bu dəfə isə hədəfə məhz AXP sədri P.Hüseyn düşüb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB