“İnsan Naminə” siyasi partiyalar blokunun 79 namizədi seçki dairələrində qeydə alınıb

"İnsan Naminə" siyasi partiyalar blokunun 7 Noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinə irəli sürdüyü namizədlərdən 79-u dairə seçki komissiyalarında qeydə alınıb. SİA-ya bu haqda məlumat verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Büllur Hümbətov onlardan 30-a qədərinin imza vərəqini götürdüyünü bildirib.

 

İmzatoplama kampaniyasının aparıldığını və hələlik heç kimin bu prosesi başa çatdırmadığını deyən sədr müavini bu prosesə digər blok və partiyalardan da gec başladığını söyləyib: "Bank hesabını həftənin birinci günü açdıq. Buna görə də namizədlərin sənədlərinin seçki dairələrinə verilməsinə iki gündür ki, başlamışıq. Bu gün, yaxud da sabab bütün namizədlərin qeydə alınması işini yekunlaşdıracağıq".

 

VİP-in sədr müavini blok tərəfindən irəli sürülən iki nəfərin sənədlərini hələ də seçki dairələrinə təqdim edə bilmədiyini qeyd edib: "Həmin dairələr Naxçıvan Muxtar Respublikasının ərazisindədir. Namizədlərin səlahiyyətli şəxslərinin sənədlərinin verilməməsi prosesi gecikdirir".

 

Qeyd edək ki, "İnsan Naminə" siyasi partiyalar blokunda VİP ilə yanaşı Azərbaycan Liberal və Azərbaycan Yaşıllar partiyaları, eyni zamanda Azərbaycan Ziyalılar Birliyi təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə