Demə, ABŞ demokratiyası eşşək üzərində qurulub TƏHLİL

Demə, ABŞ demokratiyası eşşək üzərində qurulub TƏHLİL

Dünyanın əlləm-qəlləm, əcaib-qəraib işləri də olur. Bir də görürsən ki, çox sadə, adi görünən bir məsələ elə bir düyünə düşür ki, yüz təbib, bir o sayda da filosof, psixoloq, nə bilim, nə yığılıb gəlsə, o düyünü açması müşkülə çevrilir. Demək istəməzdim ki, bir dəli quyuya daş atdı, yüz ağıllı yığışdı onu çıxara bilmədi. Və ya ağıllı fikirləşincə, dəli hoppanıb çayı keçdi. Əlqərəz, sözümün canı ondan ibarətdir ki, işin müşkülə düşməsin, düşdüsə, onun həlli çətindir. Ta o vaxta qədər ki, bir şans və ya bir gözlənilməz hadisə yaransın. Məsləhət deyil, özünü oda-alova atasan, molla yanına getmək və dua yazdırmaq da tövsiyə olunmur. Hər şeyin öz zamanı və vaxtı var. Çoxları düşdüyü müşkül problemə görə kimlərisə qınayır. Hətta həmin kimsələr haqqında hədyanlar və qarğışlar da yağdırır. Az qala mətbuata çıxıb yanıqlı-yanıqlı desin ki, filankəsin nəzəri və ya filankəsin gözü mənim axırıma çıxdı. Göz demişkən, həqiqətən də, göz məsələsi çox qəliz məsələdir. Səbəbsiz yerə deyilməyib ki, gözlər qəlbin aynasıdır. Dünyada elə bir canlı tapmaq mümkün deyil ki, eyni gözlərə malik olsunlar. Gözlərlə insanın daxili aləmini oxumaq, hətta sağlamlıq durumunu belə müəyyənləşdirmək mümkündür. Sakit təbiətli və ya təlatümlü birisi olduğunu da gözlər vasitəsilə dəqiqləşdirmək olar. Safdır, təmizdir, yalan danışandır bunları da gözlər vasitəsilə aydınlaşdırmaq çətin deyil. Deyilənlərə və yazılanlara inansaq, bəşər aləmində ən saf, gözəl göz eşşək gözüdür. Amma gəl, deyək ki, oğlan sevdiyi qıza "mənim eşşək gözlüm" desin, gör onda nə həngamə qopacaq? Bəlkə də dövlətlərarası müharibələr bu həngamənin yanında yalan olacaq. Qız üzüyü oğlanın başına vurmaqla kifayətlənməyib, qohumlar səngər qazıb bir-birinə ən müasir silahlarla belə güllə atacaqlar. Bu azmış kimi, dünyanın ən reytinqli KİV-lərinə çıxıb oğlan və onun qohum-əqrabası haqqında eşşəksayağı ittihamlar səsləndirəcəklər. Eşşəyin heç sahibi yanında da belə hörmət-izzəti yoxdur. Hətta toyda-düyündə belə sahibi eşşəyinə rəhm etməyib, onu işlətməyə, ora-bura çapmağa daha çox meyil göstərir. Məşhur təmsilçilərdən birinin toya çağırılan eşşəyin anqıra-anqıra dediyi "Dedi başqa işə

çağrılmaram mən, yük, odun daşımaq lazımdır əlbət" misraları da səbəbsiz yerə deyilməyib. Amma hər zaman eşşək barədə heç də acı sözlər demək, tənqidi fikirlər ifadə etmək mümkün deyil. Elə hallar olur ki, eşşək haqqında şeirlər deyilir, mahnılar qoşulur. Şou əhli var ki, reytinq qazanmaq, ictimai diqqət mərkəzinə çevrilmək üçün eşşəklə klip də çəkdirirlər. Məşhur türk müğənnisi Barış Mançonun "Arkadaşım eşşek" mahnısı yəqin ki, çoxlarının hələ də qulağında səslənməkdədir. Azərbaycanın tanınmış bərkgedən şou əhlindən olan Aygün Kazımovanın, Brilyant Dadaşovanın, Azər Zeynalovun və digərlərinin eşşəklə klip çəkdirmələri də onların eşşəyə olan simpatiyalarının nəticəsi hesab etmək olar. Yəqin ki, Rəqsanə, Röya, Zülfiyyə, Damla və digər şou nümayəndələri gələcək layihələrində eşşəklə bağlı müəyyən kliplər çəkdirəcək və mahnılar oxuyacaqlar. Çünki onlarda olan paxıllıq, qısqanclıq hissi bunu deməyə əsas verir.

Deyərdim ki, eşşəyə ən böyük dəyəri Amerika Birləşmiş Ştatlarının demokratları verib. Çoxları bunu demokratların öz keçmişlərinə hörmətin nümunəsi olduğu qeyd edirlər. Çünki ABŞ-da vətəndaş müharibəsi dövründə ölkədəki eşşəklər vahid dövlətin bərqərar olmasında və demokratik cəmiyyətin yaradılmasında xüsusi rolları və zəhmətləri olub. Bu əməyi yüksək qiymətləndirən demokratlar eşşəyi öz emblemlərinə həkk ediblər. Fransız tədqiqatçısı Rikkin Olver iddia edir ki, eşşək simvolu Donald Trampın talismanına çevrilməsəydi, onun Hillari Klintona qalib gəlməsi qeyri-mümkün olacaqdı. Digər tədqiqatçılar və siyasətçilər də D.Trampın seçkilərdə qələbə qazanaraq, ABŞ-ın prezidenti seçilməsində eşşək simvolunun xüsusi rol oynadığını yazırlar. Deyilənə görə, D.Tramp Vaşinqton və Kaliforniya ştatlarında eşşək təsərrüfatlarının genişləndirilməsi üçün geniş təsərrüfatların yaradılması barədə əmr imzalayıb. Hətta bu təsərrüfatın maliyyələşməsi üçün Senatdan razılıq da alıb. Bununla Tramp administrasiyası ABŞ-da demokratik proseslərin surətlənməsinə təkan verən eşşəyə öz rəğbətlərini göstərmək istəyirlər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə