Salyanda Xurşud kənd orta məktəbinin yeni binası istifadəyə verilib

Sentyabrın 21-də Salyan rayonunun Xurşud kəndində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində həyata keçirilmiş yeni məktəb binasının inşası layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilib. Maarifçi Gənclər Təşkilatından SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Yaponiyanın Azərbaydankı səfiri Masamitsu Oki, Millət vəkili Fəzail Agamalı, rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov və bir çox rəsmilər iştirak ediblər.

Mərasimdə çıxış edənlər belə humanist işlərin həyata keçirilməsini yüksək qiymətləndiriblər. Dövlət proqramı və Heydər Əliyev Fondunun bu gün Azərbaycanda apardığı məktəb siyasətinə vətəndaş cəmiyyəti quruculugunda fəal olan Azərbaycan Maarifçi Gənclər Təşkilatının dəstək verməsinə sevindiklərini bildiriblər.

Salyan rayon Xurşud kənd orta məktəbinin adını daşıdıgı şəhid Mahir Salmanovun atası çıxış edərək onun övladının adına layiq belə bir məktəbin tikilib ərsəyə gəlməsinə sevindiyini və bu işdə əziyyəti olan hər kəsə öz minnətdarlıgını bildirib.

Daha sonra qonaqlar məktəblə tanış olublar. Məktəbin 1-ci sinif şagirdlərinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə