Qənirə Paşayeva Makedoniyanın prezidenti və birinci xanımı ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Makedoniyanın prezidenti və birinci xanımı ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, İspaniyada keçirilən beynəlxalq forum çərivəsində Q.Paşayeva Makedoniya prezidenti George İvanov və bu ölkənin birinci xanımı Maya İvanova ilə görüşüb.
Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiklərini qeyd edən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir və bütün sahələrdə əməkdaşlıq genişlənir.
O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Q.Paşayeva görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından, beynəlxalq ictimaiyyətin bununla bağlı etirazını bildirməsinin vacibliyindən danışıb.
G.İvanov Azərbaycana səfəri çərçivəsində əhəmiyyətli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq, iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını söyləyib.
Makedoniya prezidenti iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində millət vəkilləri, qeyri-hökumət təşkilatları və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Millət vəkili Q.Paşayeva Makedoniyanın birinci xanımı M.İvanovaya Azərbaycan qadınlarının cəmiyyətdəki rolu ilə bağlı danışıb. Ölkələrin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu xüsusi vurğulanıb.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə