Səfir Əli Əlizadə Pakistan televiziyasına müsahibə verib

Səfir Əli Əlizadə Pakistan televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın nüfüzlu televiziya kanallarından biri olan Waqt Tv –nin “Embassy Road” (Səfirliyin Yolu) proqramına müsahibə verib.

Azərbaycanın Pakistandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, səfir Əli Əlizadə Azərbaycan-Pakistan münasibətlərinin ötən dövr ərzində hər iki ölkə rəhbərlərinin yüksək diqqət və qayğısı nəticəsində inkişaf etdiyini, ölkə rəhbərlərinin Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişafına dair səylərin artırılması ilə bağlı təlimatının olduğunu və Səfirliyin bu istiqamətdə öz işini qurduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanla-Pakistan arasında olan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi haqqında, həyata keçirilmiş uğurlu layihələr haqqında tamaşaçılara məlumat verib, əlaqələrin gələcək perspektivləri və daha da inkişafı potensialına dair aparıcının suallarını cavablandırıb. Əli Əlizadə həmçinin, iqtisadi, ticari, enerji sahəsində əməkdaşlığın artırılması yönündə aparılan işlər, Azərbaycanın iştirakı ilə həyata keçirilən iqtisadi dəhlizlər haqqında məlumat verib. Pakistanlı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes şəraitindən, sənaye və texnoloji parkların güzəştli imkanlarından yararlanmağa dəvət edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları, Xocalı Soyqırımı haqqında məlumat verən səfir, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında islam aləminə aid məscid, ziyarətgah və bir çox mədəni, dini abidələri məhv etdiyini və ya təhqirə məruz qoyduğunu diqqətə çatdırıb. Azərbaycanın eməni terrorizmi və ekstremizmindən hələ də əziyyət çəkən bir ölkə olduğunu qeyd edən səfir, dünya ölkələrinin, xüsusən islam ölkələrinin dəstəyinin, münaqişəyə ədalətli yanaşmasının önəmli olduğunu vurğulayıb, Azərbaycan torpaqlarının işğal etməsinə görə Pakistanın Ermənistanı bir dövlət kimi tanımamasının yüksək qiymətləndirildiyini bildirib.

Səfir Əli Əlizadə həmçinin, ikitərəfli əlaqələrə və regional məsələlərə dair aparıcının digər suallarını cavablandırıb, Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə bağlı Pakistan xalqına təbriklərini və xoş arzularını efir vasitəsilə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə