Milli Şura tərəfindən yeni layihəyə start verilir

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı yeni layihəyə start verilir.

SİA-nın verdiyi məlumata görə, "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Layihə müddətində ilkin olaraq 10 nəfər gəncdən ibarət "multipleyer" qrupu formalaşdırılması üçün Bakı şəhərində5 günlük "Təlimlər üçün Təlim" həyata keçiriləcək. Təlimçilər üçün keçirilən təlimlərdə mövzu üzrə geniş məlumatlar veriləcək, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunacaq. Daha sonra təlimlər nəticəsində seçilmiş gənc "Multipleyer"lər tərəfindən Bakı və ölkənin müxtəlif regionlarda cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini, onların dəyərini vurğulamaq məqsədilə 50 təlim baş tutacaq.

Layihədə "Multipleyer" qismində iştirak etmək istəyən gənclər (http://www.nayora.az/announcements2,178/lang,az/) daxil olaraq namizədliyini verə bilərlər.

Məlumat üçün qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvüdür. Milli Şura BMT ilə bu istiqamətdə artıq uzun müddətdir ki, sıx əlaqələr quraraq əməkdaşlıq etməkdədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə