Gürcüstan və Rumıniya prezidentləri Azərbaycana səfər edəcəklər
Sentyabrın 13-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, həmin gün M.Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Gürcüstan prezidenti Azərbaycana səfəri zamanı AGRI layihəsinin (Azerbaijan-Georgia-Romania Interconnector) dəstəklənməsi üzrə sentyabrın 14-də Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək: "Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü sentyabrın 13-də olacaq. Sentyabrın 14-də isə Bakıda Gürcüstan, Azərbaycan və Rumıniya prezidentlərinin iştirak etdiyi enerji sammiti keçiriləcək"- deyə məlumatda bildirilir.
Bundan əlavə enerji sammitində Rumıniyanın prezidenti Trayan Baseskuda iştirak edəcək. Rumıniyanın dövlət başçısının sabah Azərbaycana səfər etməsi nəzərdə tutulub. "Gürcüstan-online" agentliyinin verdiyi xəbərə görə, görüşdə sıxılmış qazın Avropa ölkələrinə nəqli ilə bağlı "Bakı Bəyannaməsi" imzalancaq.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB