“G-20” dünyanın qida problemini müzakirə edəcək

"G-20" ölkələrinin parlament rəhbərləri Kanadanın paytaxtı Ottavaya toplaşaraq dünyanın qida istehsalı və paylanması ilə bağlı problemləri müzakirə edəcək. SİA-nın məlumatına görə, bu gün axşam saatlarında başlayacaq toplantı iki gün davam edəcək. Toplantıya Türkiyə, Kanada, Çin, Efiopiya, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Malavi, Meksika, Hollandiya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, İspaniya, İngiltərə və Viyetnamdan olan nümayəndə heyətləri dəvət edilib.

 

Yığıncağın ilk günü 4 iclas keciriləcək. İlk iki iclasda qida istehsalı və paylanmasında qlobal əməkdaşlıq strategiyaları, digər iclaslarda isə sülh və qida təhlükəsizliyi üçün yeni siyasət müzakirə olunacaq. Sabah isə keçiriləcək iki iclas çərçivəsində "Qlobal iqtisadi sabitliyin inkişaf etdirilməsində qlobal maliyyə və iqtisadi modellər" müzakirə ediləcək. Bu iclasda Avropa Parlamentinin nümayəndəsi hesabatla çıxış edəcək.

 

Kanada senatının rəhbəri Milad Kinsellanın bağlanış nitqi ilə sona çatacaq toplantı "G-20" ölkələrinin parlament sədrlərinin qatıldığı ilk tədbir olması ilə diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə