Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyevlə Dmitri Medvedevin təkbətək görüşü başlayıb

Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyevlə Dmitri Medvedevin təkbətək görüşü başlayıb

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başlayıb. SİA-nın "İTAR-TASS" agentleyinə istinadən verdiyi xəbərə görə, danışıqları açıq elan edən prezident İlham Əliyev gündəliyin kifayət qədər zəngin olduğunu, iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri üzərində qurulduğunu söyləyib: "Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcəyimiz mövzular var".

 

Dmitri Medvedyev isə öz növbəsində Azərbaycan prezidentinin bu dəyərləndirməsi ilə razılaşdığını bildirib: "Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük".

 

Qeyd edək ki, bu gün Azərbaycanda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri D. Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə