Eynulla Fətullayevin məhkəmə prosesi sentyabrın 7-dək təxirə salınıb
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. SİA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Eynulla Fətullayev vəsatətlə çıxış edərək bildirib ki, qeyd edilən cinayət işi ilə bağlı Qaradağ rayon məhkəməsində 16 məhkəmə iclası keçirilib, o, həmin proseslərdən yalnız 10-nun protokolları ilə tanış olduğunu digər protokollarla tanış olmaq üçün məhkəmədən əlavə vaxt istəyini irəli sürüb.
E. Fətullayev bildirib ki, məhkəmənin protokollarında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Avtandil Ağayevin fikirləri yer almayıb. Dövlət ittihamçısı E. Fətullayevin vəsadətinə münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxsə protokollarla tanış olmaq üçün kifayət qədər vaxt verilib, əlavə vaxt ayırmağa qanunvericilik imkan vermədiyini bildirib. Lakin təqsirləndirilənin vəkili İsaxan Aşurov isə qanunda bununla bağlı vaxt məhdudiyyətinin nəzərdə tutulmadığını bildirib. Daha sonra məhkəmə E. Fətullayevin vəsatətini təmin edib. Proses sentyabrın 7-dək təxirə salınıb.
Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində "Diasetil-morfi" (heroin), "Amfetaminil" narkotik vasitələri və "Flunitrozepam-M" psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan "Diasetil-morfi", "Amfetaminil" və psixotrop dərman vasitəsi olan "Benzodiazepin"dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.
Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini tələb edib.
Azərbaycan hökuməti E. Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından Böyük Palataya müraciət edib. Bu il iyulun 6-da isə Qaradağ rayon Məhkəməsi jurnalist Eynulla Fətullayevi daha 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Təqsirləndirilən şəxs rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB