Diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirilir

Diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirilir

Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda "Pasportlar haqqında" qanuna dəyişikliklər müzakirə edilib. layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək.

Qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. Həmin siyahıya əsasən, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilir.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığından onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə