“2 aprel faktoru MQ-dən kənar tənzimlənməni gündəliyə gətirdi” MÜNASİBƏT

“2 aprel faktoru MQ-dən kənar tənzimlənməni gündəliyə gətirdi” MÜNASİBƏT

"2 aprel faktoru, parametri və ya hadisəsi dedikdə 2017-ci il 2 aprel Ermənistandakı parlament seçkilərini və 2016-cı il aprel hadisələrinin ildönümünün Ermənistanda qeyd olunmasını nəzərdə tuturuq. Çünki Ermənistanda bu iki hadisə bir-biri ilə əlaqəlidir. Ermənistanın parlamentli idarəçilik sisteminə keçməsinin trayektoriyası və 2016-cı il aprel döyüşlərinə aparan yol bir-biri ilə sıx əlaqəlidir. Ermənistanda 2 aprel hadisələrinin ildönümünə dair xeyli müzakirələr aparıldı, beynəlxalq konfrans təşkil olundu. Ermənistanda eləcə də bu ölkədən kənarda səslənmiş tezislərin ümumi ortaq məxrəci var: ATƏT MQ funksiyasını lazımınca yerinə yetirə bilmədi. Tənzimlənmə üçün yeni variantlar və modellər axtarılmalıdır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, bu istiqamətdə beynəlxalq aləmdə səslənmiş fikirlərin təqdiminə keçməzdən əvvəl Belarus prezidenti A.Lukaşenkonun vacib təklifini yada salmaq istəyirik: "A.Lukaşenko Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsini vasitəçilərsiz tənzimləməyi təklif edir. Bu təklif Azərbaycan üçün sərfəlidir. Çünki Azərbaycan alternativ tənzimlənmə variantları axtarışındadır. Buna görə də BMT-dən tutmuş bütün nüfuzlu təşkilatlara bu münaqişə ilə məşğul olmaq üçün müraciətlər edib. Azərbaycandan fərqli olaraq, Ermənistan yalnız ATƏT MQ-nin vasitəçiliyini qəbul edir. A.Lukaşenkonun vasitəçilərsiz danışıq təklifi də alternativ tənzimlənmə variantlarından biridir. S.Sərkisyan A.Lukaşenkonun təklifini qəbul etməyəcəyi halda KTMT və AİB çərçivəsində A.Lukaşenkonun tənələri ilə üzləşə bilər. Eks-prezident R.Köçəryanın belə tədbirlərdə A.Lukaşenkonun acı həqiqətləri ilə rastlaşmasının aqibətini öyrənməyi S.Sərkisyana məsləhət bilərdik.

Beynəlxalq ekspertlərin ortalığa qoyduğu təkliflər:

I. "Zorakılığın iri partlayışından bir il sonra Dağlıq Qarabağ tənzimlənməsi yenidən təhlükədədir. Beynəlxalq ictimaiyyət ya yeni müharibəni gözləməli və ya diplomatik şok terapiyasını seçməlidir":- Laurens Broers, Chatham House-nin eksperti.

II. Yeni konsepsiyada erməni və azərbaycanlı sakinlərinin təhlükəsizliyinə təminat verən, eləcə də istər Ermənistanla, istərsə də Azərbaycanla sərhədlərin açılması üçün multietnik yanaşma olmalıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları debatlardan kənar saxlanılmamalıdır:- Dennis Sammut, Londondakı LINKS analitik mərkəzin rəhbəri.

III. Ötən ilin aprelinə nisbətən döyüş əməliyyatları və bu əməliyyatlarda daha ağır silahların tətbiq olunma ehtimalı çoxdur.... S.Lavrov kimi təcrübəli diplomatların aktiv aktorluğuna ehtiyac var.... Dağlıq Qarabağ ya müstəqil olacaq və ya da Azərbaycanla konfederasiya formalaşdıracaqdır: - Tomas de Val, Britaniyalı ekspert, "Karneqi" fondunun əməkdaşı. Tomas de Valın bu yanaşması ermənilərdə qıcıq yaratdı. Çünki "Lavrov planı" termini erməniləri ciddi narahat edir. Milliyyətcə erməni və vacib lazım olan anda Dağlıq Qarabağ tənzimlənməsini ermənilərin xeyrinə yönəldən S.Lavrovun ermənilər tərəfindən belə qarşılanması ermənilərin təkcə intellektual deyil, həm də psixoloji durumunu aktuallaşdırır. Dağlıq Qarabağın de-fakto prezidenti B.Saakyanın mətbuat xidmətinin rəhbəri D.Babayanın T. de Valın Lavrovla bağlı dediklərinə reaksiyası diqqətdən kənarda qalmır. Eyni zamanda ermənilər "Karneqi" fondunun rəhbərliyində erməni olduğunu da (Karneqi fondunun Nyu-York bölməsinin başçısı Vartan Qreqoryandır) nəzərə almırlar. T. de Val isə belə şərhlər verərkən fondun rəhbərliyində erməni olduğunu unutmur və erməni əsilli Lavrovu da yada salması bu kontekstdədir. "Sülh platformasının" və Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyinatının əleyhinə şərh verməsinin də motivasiyası budur. T.de Val Dağlıq Qarabağ məsələsinə şərh verərkən savadsız görünməsindən də çəkinmir. Vaxtilə ATƏT MQ həmsədrləri "ümumi dövlət" modeli təklif etmişdilər. Azərbaycan 1999-cu ildə bunu rədd etdi. İndi Azərbaycan 1999-cu ilə nisbətən xeyli güclü, Ermənistan isə xeyli zəifdir. Prezident İ.Əliyev 2017-ci ilin ilk üç ayında ölkənin qızıl valyuta ehtiyatının 1 milyard dollar artdığını bildirdi. Ermənistanın isə mart ayında xarici borcu 35 milyon dollar artıb. Azərbaycan və Ermənistanın baza parametrlərini müqayisə etmək niyyətində deyilik. Tomas de Val Azərbaycanın gücünü və mövqeyini bilir. Amma ermənipərəstliyi onu savadsız görünməyə vadar edir.

IV. Bu gün münaqişə zonasında gərginliyin eskalasiyası riski çox böyükdür. Tərəqqiyə ümid yoxdur. Müzakirələr üçün əsas meydança yoxdur. Digər tərəfdən Qarabağ məsələsində danışıqlar prosesinə yeni nəfəs vermək fövqəladə dərəcədə vacib məsələdir:-Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri, Maqdalena Qrono.

V. Bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsini dinc tənzimlənməyə aparan predmetli danışıqları bərpa etmək üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq:- Farhan Hak, BMT baş katibinin rəsmi təmsilçisinin müavini.

VI. "Suriya və Dağlıq Qarabağ münaqişələrində beynəlxalq ictimaiyyətin gücsüzlüyü, ABŞ və Rusiyanın bu münaqişələri həll etmək istəməməsi daha böyük problemlərə gətirib çıxarıb. BMT-yə üzv ölkələr, Təhlükəsiz Şurasının 5 daimi üzvü tərəfindən yeni düşüncə tələb olunur. Fələstin və Dağlıq Qarabağın işğalına son qoymaq üçün qəbul olunan qətnamələrin icrasına maneçilik törədilməməlidir. Biz ümumi sivilizasiya naminə mübarizə aparmalıyıq":-Səudiyyə Ərəbistanın şahzadəsi Turki əl-Faysal.

VII. "Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik":-GUAM hökumət başçılarının zirvə toplantısının yekun bəyannaməsindən.

VIII. Ermənilərin Moskvadakı ən əsas ruporlarından olan V.Solovyovun Bakıya gəlməsi təsadüfi ola bilməz. Kreml erməni müstəvisində işləyən ekspert, jurnalist və siyasətçiləri xeyli aktivləşdirib. Məqsəd özünün tənzimlənmədəki təkbaşına rolunu gücləndirməkdir.

Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ-dən kənar müstəvilərin axtarılması yuxarıda səslənən tezislərdən aydın görünür.

Yaranmış vəziyyətə ermənilərin münasibəti də kifayət qədər diqqəti çəkir:

I. BMT-də qəbul olunmuş sənədlərin Dağlıq Qarabağ tənzimlənməsinə təsir edəcəyi barədə fikirlər yersizdir:- Qondarma prezident B.Saakyanın mətbuat xidmətinin rəhbəri D.Babayan BMT TŞ-də qəbul edilmiş 2347 nömrəli qətnaməni BMT İnsan Hüquqları Şurasının Gürcüstanla əlaqəli qəbul etdiyi qətnamə ilə şüurlu surətdə qarışdırdı. Məqsəd öz ermənilərini çaşdırmaq idi.

II. Dağlıq Qarabağ münaqişəsinin bu gün həlli yoxdur və yaxın vaxtlarda həlli olmayacaq. Bu erməni ekspert və siyasilərinin ən ümumi mövqeyidir.

III. Bu gün "Artsax"ın təhlükəsizliyi onun statusundan çox vacibdir.- A.Arutyunyan, qondarma qurumun baş naziri.

IV.Tənzimlənmənin əsas prinsipi hər şey razılaşdırılmayıbsa deməli heç nə razılaşdırılmayıb:- D.Babayan, qondarma qurumun mətbuat xidmətinin rəhbəri. ıv. İŞİD terrorçuları Dağlıq Qarabağ münaqişəsinə müdaxilə edə bilərlər:- S.Sərkisyan, Ermənistanın prezidenti".

Bütün xəbərlər Facebook səhifəmizdə