Millət vəkili: “Təəssüf ki, günahsız insanlar terrorun qurbanı olurlar” MÜNASİBƏT

"Terror dünyada gözə görünməz xəstəliyə çevrilib. Heç bir ölkə terrordan sığortalanmayıb. Bu, Avropada, Amerikada, Asiyada və dünyanın hər bir nöqtəsində baş verə bilər. Terrorun məqsədi terror törədilən ölkənin hakimiyyətinə və onun siyasətinə etirazın bir növü kimi qeyd etmək olar". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, yeni il gecəsində İstanbulun Reyn klubunda terror törədilmişdi: "Onda terrorist qırğız mənşəli idi. İndi də Sankt-Peterburqdakı metro terroru qırğız mənşəli bir gənc həyata keçirib. Baxmayaraq terrorçu kimdən tapşırıq alıbsa dəqiq məlum olmasa da burda bir nəticə çıxarmaq olar ki, bu İŞİD-in təşkilatçılığıdır. Çünki, Rusiya Suriyada İŞİD-ə qarşı mübarizə aparır, məhv edir. İŞİD də Rusiyaya terrorla mübarizəni saxlamaq üçün mesaj göndərir. Bir müddət əvvəl Çeçenistanda rusqvardiyaya qarşı törədilən terroru İŞİD təşkil etdiyi məlum olmuşdu. Düşünürəm ki, Peterburq terrorun da təşkilatçısı İŞİD-dir. Çox təəssüf ki, günahsız insanlar terrorun qurbanı olurlar.

Metroda partlayış nəticəsində 14 nəfər ölüb, 50-yə qədəri isə yaralanıb. Bu insanlar öz gündəlik qayğıları ilə məşğul olan adamlardır. Amma terroristlərə insanların kimliyi, milli mənsubiyyətliyi maraqlı olmur. Onlar daha çox tələfat törətməklə səs-küy yaradaraq öz istəklərini həyata keçirmək istəyirlər. Terrorizm bəşəriyyətə böyük bəladır. Buna qarşı bütün dünya birləşib mübarizə aparmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə