Azərbaycan akademik və mədəni həftədə təmsil olunub

Azərbaycan akademik və mədəni həftədə təmsil olunub

Meksikanın tanınmış Anahuak ("Anáhuac") Universitetində Yaxın Şərq və Qafqaz üzrə akademik və mədəni həftənin açılışı keçirilib. SİA-ya ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, tədbir Universitetin tələbə və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Burada Universitet və onun Qlobal Tədqiqatlar fakültəsinin rəhbərliyi, eləcə də Azərbaycan, Pakistan, İran, Qazaxıstan, Mərakeş və Səudiyyə Ərəbistanının diplomatik missiyalarının rəhbərləri iştirak ediblər.

Universitetin rektoru Çipriano Sançez Qarsiya çıxışında üçüncü ildir keçirilən və artıq gözəl ənənəyə çevrilən bu təşəbbüsün əsas məqsədinin Meksika cəmiyyətinin dünyanın müxtəlif regionları və spesifik olaraq Yaxın Şərq və Qafqazla daha yaxın tanış olması, orada yerləşən ölkələr barədə biliklərin genişləndirilməsi olduğunu qeyd edib. O, dünyanın hazırda gərgin dövr yaşadığını vurğulayaraq, sülh və əmin-amanlıq naminə dialoqun zəruriliyini söyləyib.

Azərbaycanı tədbirdə təmsil edən Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib, Azərbaycanın regionda tarixən proqressivliyi ilə seçildiyini vurğulayıb. Diplomat Şərqdə ilk demokratik dövlətin Azərbaycanda yarandığını deyib. M.Talıbov 25 il öncə müstəqilliyini bərpa etmiş ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq bütün sahələrdə regionun liderinə çevrildiyini, irimiqyaslı qlobal layihələrin məhz Azərbaycanın təşəbbüsü ilə uğurla həyata keçirildiyini bildirib. May ayında Bakıda 4-cü Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran diplomat, bu nailiyyətlərin hamısının məhz Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı, bu istiqamətdə məqsədyönlü və ardıcıl siyasəti nəticəsində mümkün olduğunu xüsusi ilə qeyd edib.

Tədbir zamanı ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb, ölkəmizin gözəl təbiəti, tarixi abidə və memarlığı ilə bağlı fotolar şəkillər nümayiş etdirilib. İştirakçıkar Azərbaycanla daha yaxından tanış olmağa və geniş məlumat almağa böyük maraq göstərib, bir sıra tələbələr ölkəmizdə təhsil alma imkanları öyrəniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə