"Sarkisyanın Ermənistanda da qətliam etməsi gözləniləndir” AÇIQLAMA
"Ermənistanın daxilində ziddiyyətlər yeni başlamayıb, sadəcə bu proses aprel ayında keçiriləcək seçkidə daha dinamik hal alıb. Bildiyiniz kimi, Ermənistanda Serj Sarkisyana qarşı etirazlar daha da güclənir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Ermənistandakı ziddiyyətlərin səbəbləri çox sadədir: "Bura Ermənistan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində ölkənin tamamilə iflasa uğraması, işğal siyasətinin onlara heç bir xeyir gətirməməsi, əksinə özünütəcridə gətirib çıxarması, düşmən ölkənin yer aldığı layihələrin bu ölkəyə heç bir perspektiv vəd etməməsi və nəticə etibarilə ölkənin bütövlükdə müstəqil siyasət yürütməkdən təcrid olunaraq forposta çevrilməsi, demoqrafik vəziyyətin günü-gündən pisləşməsi, əhalinin əhəmiyyətli hissəsinin ölkəni həmişəlik tərk etməsi, Dağlıq Qarabağdakı uğursuzluqlar, Azərbaycanın silahlı qüvvələri ilə müqayisədə onların ordularının nəzərə çarpacaq qədər geri qalması, orduda özbaşınalıq, cəbhədəki təxribatlar nəticəsində ordumuzun verdiyi cavabdan Ermənistanın böyük itkilər verməsi və bu itkilərin düşmən ölkə cəmiyyətində ciddi narahatlıqlar doğurması və digər səbəblər daxildir.
Bu səbəblər Ermənistan cəmiyyətində Sarkisyana qarşı etirazların güclənməsinə gətirib çıxarır. Bu sıraya həmçinin korrupsiya faktlarını, orada hökm sürən klan hakimiyyətini, eləcə də siyasi proseslərdə gücdən istifadə edilməsi və digər amilləri də nəzərə alsaq, o zaman Sarkisyana qarşı edilən etirazların mənbəyini müəyyənləşdirmək mümkündür".
E. Mirzəbəylinin fikrincə, düşmən ölkədəki proseslərin nə qədər uzağa gedəcəyini indidən müəyyənləşdirmək çətindir: "Çünki, Ermənistanın fəal aktiv qüvvəsi faktiki olaraq ölkənin sərhədlərini tərk ediblər. Digər qüvvələr isə Sarkisyanın yürütdüyü siyasət nəticəsində təsir imkanlarını itirmək üzrədirlər. Bundan əlavə, Ermənistanın daxilində müstəqil siyasət yürütmək potensialı və gücünə malik hər hansı bir siyasi qüvvə də yoxdur. Bu baxımdan hesab edirəm ki, etirazlar kortəbii, xaotik şəkil də ala bilər. Lakin xaotik addımlara qarşı sərt proseslər daha aktiv fazaya qədəm qoyarsa, Sarkisyan rejiminin silah işlətməsi, insanları qətliam etməsi də gözləniləndir. Bu, proseslərin necə inkişaf edəcəyinə bağlıdır".
Düşmən ölkədə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, siyasi ekspert qeyd edib ki, Ermənistanın özü belə Dağlıq Qarabağ münaqişəsinə hər hansı formada təsir göstərmək gücünə və potensialına malik ölkə deyil: "Ermənistan sadəcə işğalı prosesində vasitə, istifadə aləti missiyasını yerinə yetirir. Bu aləti əlində tutan güc nə zaman Ermənistanla hesablaşmaq və ya prosesləri tənzimləmək qərarına gələcəksə, düşmən ölkə də ona uyğun şəkildə addım atacaq. Ermənistan siyasətçiləri özləri də açıq şəkildə etiraf edirlər ki, düşmən ölkə faktiki olaraq müstəqil və siyasi proseslərə hər hansı formada təsir etmək imkanına malik deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB