İlham Əliyev: "Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb"

İlham Əliyev: "Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb"

"25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib. Biz göstərdik ki, hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər". SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib. Azərbaycanda yoxsulluğun son 15 ildə 5 faizə qədər azaldığını deyən Prezident bildirib ki, ölkə iqtisadiyyatı neftin qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib: "Ancaq islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Hətta keçən il neft və qaz sahəsini kənara qoysaq, görərik ki, qeyri-neft sektorunda artım var. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracını iki dəfəyə qədər artıra bilmişik. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq".

"Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur. Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır"- deyə, dövlət başçısı fikirlərinə əlavə edib.

Cənub Qaz Dəhlizindən söz açan prezident İlham Əliyev bildirib ki, bu layihənin dəyəri 40 milyard dollardır və Avropa İttifaqı bu layihəni dəstəkləyir: "Layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bizim layihədə paylarımıza dair ödənişlərimizlə bağlı da bir problem olmayıb. Cənub Qaz Dəhlizinə üzv olan ölkələr uzunmüddətli, təbii tərəfdaşlara çevrilib. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Biz düzgün seçim etmişik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa sərmayə qoyur: "Azərbaycanda keçirilən humanitar forumlara müxtəlif beynəlxalq təşkilatlar da dəstək verir. Biz bu gün tolenrantlıqdan danışırıq, ancaq insanların bir-birlərinə necə inamsız yanaşdıqlarını görürük. Ölkəmizin sabit inkişafı göstərir ki, yalnız qarşılıqlı anlaşma, tolerantlıq, multikulturalizmlə inkişafa nail ola bilərsiniz. Azərbaycan multikultural bir ölkədir".

Bütün xəbərlər Facebook səhifəmizdə