"Niderlandın Türkiyəyə qarşı davranışı insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə zidd olan bir addımdır". Bunu SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, heç bir halda dinc vətəndaşlara qarşı belə bir davranış sərgilənə bilməz: "Eyni zamanda bu, həm də diplomatik rəzalətdir. Türkiyənin xarici işlər nazirinə qarşı nümayiş etdirilən davranış, onun təyyarəsinin enişinə icazə verilməməsi diplomatiya tarixində rast gəlinməyən bir hadisədir. Bu, Niderlandın timsalında tətbiq olundu. Bütün tarix boyu da Niderlandın üz qarası olaraq qalacaq. Əslində baş verənlər sübut edir ki, bu proses öncədən planlaşdırılıb. Çünki bu hadisələrdən iki gün öncə Niderlandın Türkiyədəki baş konsulu və diplomatik korpusun nümayəndələri ölkəni tərk ediblər. Bu da onu sübuta yetirir ki, bütün hadisələr öncədən planlaşdırılmış bir siyasi kampaniyadır və təbii ki, bunu yalnız bir rəzalət kimi qiymətləndirmək olar".

Bu hadisənin Türkiyə ilə digər Avropa ölkələrinin münasibətlərinə hansı təsirinin ola bilməsinə gəlincə, E.Mirzəbəyli vurğulayıb ki, Avropnaın böyük dövlətləri Birləşmiş Krallıq, Fransa Türkiyə ilə münasibətlərə kifayət qədər önəm verdiklərini bildiriblər: "Həmin ölkələrin rəsmiləri bəyan etdilər ki, Türkiyənin hansısa aksiya keçirməsi üçün hər hansı problem yoxdur. Benilüks ölkələri, Avstriya və bir sıra digərləri ümumiyyətlə Türkiyəyə qarşı qərəzli mövqe tuturlar. Türkiyə regionda, dünyada əhəmiyyətli yeri olan mühüm geostrateji mövqeyə malik bir ölkədir. Bu baxımdan Ankaraya qarşı aparılan kampaniyanın nəticəsi olmayacaq. Çünki Avropanın böyük dövlətləri Türkiyə ilə münasibətləri qoruyub saxlamağa çalışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB