Bakı şəhəri Nərimanov rayonundakı 34 saylı orta məktəbin bir qrup müəllim və şagirdi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tarix muzeyinə baş çəkiblər. SİA-nın verdiyi məlumata görə, 03.03.2017-ci il tarixdə təşkil olunan görüşdə şagirdlər Penitensiar xidmətin tarixini və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsini əks etdirən muzeyin zəngin ekspozisiyası ilə tanış olublar.
Qədim zamanlarda və orta əsrlərdə həyata keçirilən cəza növlərini əks etdirən maketlər, sovet dövründə və ondan əvvəl Azərbaycanın müxtəlif bölgələrində yerləşən həbsxanaların qalıqlarına dair fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlər, sovet hakimiyyəti illərində cəzaçəkmə sisteminə aid olan materiallar, xüsusi kontingentin geyim forması, cəzaçəkmə müəssisələrində istehsal olunan əşyaların nümunələri, həbsxana kamerasının və cəzaçəkmə müəssisələrinin nəfis şəkildə dəqiqliklə işlənmiş maketləri muzeyi ziyarət edənlərin böyük marağına səbəb olub.
Muzeyə başçəkmədən sonra qonaqlar Penitensiar xidmətin rəis müavinləri ədliyyə polkovniki Oqtay Məmmədov və ədliyyə polkovniki Məhərrəm Qafarovla görüşüblər.
Məktəb kollektivinin belə bir təşəbbüsünü olduqca müsbət qiymətləndirən rəis müavini ədliyyə polkovniki Oqtay Məmmədov şagirdlərlə səmimi söhbət edib, Penitensiar xidmətin zəngin tarixi, həbs olunmuş şəxslərin və məhkumların hüquq və qanuni mənafelərinin qorunması sahəsində Azərbacan dövlətinin humanist siyasəti barədə ətraflı məlumat verib.
34 saylı məktəbin müəllimləri müraciətə xüsusi diqqətlə yanaşıldığına və muzeylə tanışlığa yaradılan şəraitə görə kollektivin dərin minnətdarlığını bildiriblər.
Tədbirin sonunda şagirdlərə hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB