Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təqdimatı keçirilib YENİLƏNİB
Parlamentdə Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın xəbərinə görə, toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri, aidiyyatı dövlət qurumları, hüquq mühafizə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Toplantıda layihə çərçivəsində hazırlanmış "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatı keçirilib.
Tədbirdə ilk çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova sözgedən qanun layihəsinin əhəmiyyətli və vacib olduğunu dilə gətirib: "Qanun layhəsinin hazırlanmasında ekspertlər, hüquqşünaslar beynəlxalq vəziyyəti öyrənib. Rəsmi mətbuat və digər mətbuatda məqalələr çap olunub, çıxışlar edilib. Bütün işlərin nəticəsində Milli Məclisin hüquqşünasları belə bir qanun layihəsi üzərində iş aparıb. Hesab edirəm ki, belə bir qanuna ehtiyac var".
Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin yüksək qiymətləndirib:"Bu sənəd hüququ baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək. Biz gələcək fəaliyyətimizi bu qanuna əsasən həyata keçirməliyik ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək".
Tədbirin davamında qanun layihəsini Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov təqdim edib. O bildirib ki, qanun layihəsinin fundamental empirik bazası var: "Əgər biz inkişaf etmiş ölkələrin qanunvericiliyinə baxsaq görərik ki, son 15 ildə bir çox ölkələrdə eyni qəbildən olan qanunlar qəbul edilib. Ən mühüm məsələlərdən ondan ibarətdir ki, biz təkcə xarici dövlətlərin qanunvericiliyini nəzərdən keçirmirik, həmçinin BMT-nin beynəlxalq hüquq komissiyasının cari işləri, mövcud olan və fəaliyyət göstərən beynəlxalq cinayət tribunallarının presedent hüququ nəzərdən keçirilir. Bu bir daha ona sirayət edir ki, hazırladığımız qanun layihəsi fundamental xarakter daşıyacaq".
Qanun layihəsində mövcud olan yeniliklərdən söz açan N. Səfərov qeyd edib ki, bu yeniliklərdən biri təcavüz anlayışıdır: "Məlum olduğu kimi bu günə qədər beynəlxalq hüquqda fərdi cinayət məqsədləri üçün təcavüz anlayışı mövcud deyil. Bu anlayış Azərbaycan üçün tam yeni olacaq. Digər maraqlı məqam insanlıq əleyhinə tam yeni anlayışının qanun layihəsində öz əksini tapmasıdır".
Toplantıda çıxış edən Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Xanlar Vəliyev qanun layihəsinin Azərbaycan üçün mühümlüyünu dilə gətirib. Çıxışı zamanı layihə ilə bağlı müəyyən təklif və dəyişiklərini bildirən hərbi prokuror qeyd edib ki, layihə qısa müddətdə hazırlanmasına baxmayaraq orada əsas məqamlar əksini tapıb.
Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov da layihə ilə bağlı müsbət fikirlərini bildirib.
Daha sonra layihə ətrafında müzakirələrə başlanılıb. Müzakirələrdə çıxış millət vəkilləri Azay Quliyev, Rəfail Cabrayılov, Tahir Kərimli, Rövşən Rzayev, Əflatun Amaşov, Zahid Oruc, Asim Mollazadə, Cavanşir Feyziyev qanun layihəsinin vacibliyindən söz açıblar.
Toplantıda iştirak edən QHT nümayəndələri də qanun layihəsi ilə bağlı fikirlərini bildirərək onun konseptual xarakter daşıdığını qeyd ediblər.
Sonda Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev layihə haqqında fikirlərini bildirərək qanunun siyasi məqsəd daşıdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB