"Xarici KİV-lərin Cocuq Mərcanlıya getməsi Ermənistana bir mesajdır" MÜNASİBƏT

"Xarici KİV-lərin Cocuq Mərcanlıya getməsi Ermənistana bir mesajdır" MÜNASİBƏT

"Xarici KİV-lərin Cocuq Mərcanlı kəndinə səfər etməsi çox yaxşı təşəbbüsdür. Xarici jurnalistlər bununla da oradakı reallıqları öz gözləri ilə görmək imkanı qazandılar". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Bu səfərin ölkəmiz üçün üstünlüklərindən söz açan sədr müavini söyləyib ki, Cocuq Mərcanlı kəndində müharibə dövründən qalan və xarabalığa çevrilən evlər var ki, xarici KİV nümayəndələri bu əraziyə səfər etməklə düşmən ölkənin törətdiyi vəhşiliklərin canlı şahidi oldular: "Bundan başqa səfərin ölkəmiz üçün digər əhəmiyyətli tərəfi odur ki, xarici jurnalistlər Azərbaycanın həmin ərazilərin bərpası prosesinə başlanması haqqında məlumatlı olacaqlar. Eyni zamanda onlar məlumatlarında ölkəmizin bütün çətinliklərə baxmayaraq, işğaldan azad etdiyi ərazilərdə abadlıq işlərinə başlanmasını qeyd edəcəklər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu səfər ölkəmizin imkanlarının beynəlxalq aləmə çatdırılması baxımından çox yaxşı əlamətdir".

M. Ələsgərli qeyd edib ki, xarici jurnalistlərin Cocuq Mərcanlıya səfəri Ermənistan üçün də bir mesajdır: "Bilirsiniz ki, düşmən tərəfindən bu ərazilərə qaçaq yolla Azərbaycanın razılığı olmadan çoxlu jurnalistlər daşınır. Onlardan da biri Azərbaycan tərəfinin tələb və təkidi nəticəsində ekstradisiya olunan Aleksandr Lapşindir. Artıq onun dindirilməsinə başlanılıb. Bu baxımdan hesab edirəm ki, jurnalistlərin həmin ərazilərə qanunsuz, kənar ölkənin müdaxiləsi nəticəsində getməsindənsə, öz ölkəmizin maraqları, təşkilatçılığı çərçivəsində getməsi böyük hadisədir. Bunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rolu olacaq.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün xarici jurnalistlərin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfərdə Reuters, Associated Press, Anadolu və İhlas agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, Eurasianet, Ria-Novosti, Sputnik, İnterfaks Azərbaycan, Efe və digər media nümayəndələri iştirak edib.

Səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturları nümayəndələri tərəfindən yerində ətraflı məlumat təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. Həmçinin, KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə