Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı mühüm sərəncam özündə bir çox əhəmiyyətli siyasi və mənəvi faktorları ehtiva etməkdədir. Belə ki, işğalçı düşmənin bundan ciddi narahatlıq keçirməsi də məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Çünki artıq sadə erməni vətəndaşı, eləcə də bir çox ictimai adamları da yaxşı anlamağa başlayıblar ki, xalqın qanı üzərində prezidentlik kürsüsündə oturan Serj Sarkisyan bugünə qədər danışdığı yalanları ilə əslində öz acizliyini gizlətməyə çalışıb.
Prezident İlham Əliyevin sərəncamı aprel döyüşlərindən sonra Azərbaycanın Ermənistana vurulan ikinci sarsıdıcı zərbədir!
Hətta aprel müharibəsi zamanı erməni prezidentinin pafoslu bəyanatları, eləcə də onun xarici işlər naziri Şavarş Köçəryanın apreldə itirdikləri əraziləri geri qaytaracaqlarını bəyan etmələri belə, onların ağızlarına birdəfəlik möhür vurmuş oldu. Artıq aprel qələbəmizin üzərindən demək olar ki, 10 aya yaxın vaxt keçir, ancaq göründüyü kimi, Sarkisyan iqtidarının ac və səfil xalqına verdikləri "vədləri" özünü doğrultmur. Əbəs yerə deyil ki, ermənilər artıq Cocuq Mərcanlıdakı tikinti-quruculuq işlərinin Şuşada, Xankəndində aparıla biləcəyini etiraf edirlər.
Beləliklə, fakt budur ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam yerində atılmış addımdır və bu, aprel döyüşlərindən sonra Azərbaycanın Ermənistana vurduğu ikinci sarsıdıcı zərbədir!
İndiyə kimi nümayiş edilməyən silah arsenalının daha bir neçəsinin düşmənə və onun havadarlarına göstərilməsi onların olan-qalan ümidlərini məhv etdi
Yeri gəlmişkən, Ermənistanın Rusiyadan köhnəlmiş və sıradan çıxmış S-300 raketlərini almasının ardınca, onlarda kiçik də olsa ümidlər yaranmağa başlamışdı. Lakin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun ərazisində indiyə kimi nümayiş edilməyən silahların daha bir neçəsinin, xüsusilə raketdən müdafiə silah arsenalının düşmənə və onun havadarlarına göstərilməsi bu ümidləri də məhv etmiş oldu.
Məhz Cocuq Mərcanlının bərpası ətrafında verilən qərardan sonra ermənilərin narahatlığı birə-beş artıb. Sözsüz ki, belə də davam edəcək. Çünki Ermənistan hakimiyyəti nə qədər ki, öz mənfur işğalçılıq siyasətindən siyasətindən əl çəkməyib, Azərbaycan tərəfi qüdrəti, gücü sayəsində istər təzyiqlərini, istərsə də qətiyyətli addımlarını artıracaq. Belə ki, Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamla bir daha açıq şəkildə bəyan etdi ki, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək!
Bu sərəncam həm də Abşeron rayonunda "N" saylı hərbi hissədə Azərbaycan dövlətimizin başçısı cənab İlham Əliyevin hərbi qulluqçularla görüşdə səsləndirdiyi fikirlərin bir növ təsdiqi idi. Həmin görüşdə də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı açıq şəkildə bu fikirləri qətiyyətlə vurğuladı.
Bu gün Cocuq Mərcanlıda minaların təmizlənməsi prosesi də mərhələli şəkildə aparılmaqdadır. Ermənilər bundan təşvişə düşüb ki, əgər kəndin ərazisi minalardan təmizlənirsə, oraya mülki vətəndaşlar qayıdırsa, torpaqlar əkilirsə, demək oradan göz çəkmək lazımdır. Üstəlik, bu siyasətin davamı Şuşada, Xankəndində, Ağdamda, Xocavənddə, Ağdərədə və s. işğal altındakı torpaqlarda reallaşdırılacaq, özü də tezliklə! Yəni Cocuq Mərcanlı böyük qayıdışın astanasıdır və bu qayıdış hələ yenicə başlayıb və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilənə qədər də davam edəcək!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB