Pakistan mətbuatı 20 Yanvar faciəsindən yazıb

Pakistan mətbuatı 20 Yanvar faciəsindən yazıb

Pakistanın "Election Times" qəzetində və elektron saytında "Qara Yanvar: Şəhidlik Günü" adlı məqalə dərc olunub. SİA-ya ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə müəllif Qara Yanvar hadisəsinin region üçün ciddi geosiyasi, sosial-iqtisadi əhəmiyyətinin olduğunu və SSRİ-nin süqutunu tezləşdirdiyini qeyd edib.

Dinc əhalinin atəşə tutulduğu, tankların qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin (ruslar, yəhudilər, tatarlar) olduğu 134 insanın həlak olduğu, 700 nəfərin yaralandığı vurğulanır. Məqalədə Sovet İttifaqının son dövrlərində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı, Qorbaçov rejiminin isə buna qarşı bir tədbir görmədiyi və nəticədə Azərbaycan əhaisinin müxtəlif şəhərlərdə etiraz aksiyalarına başladığı qeyd olunur. Həmçinin, 20 Yanvar tarixinin həm dəhşətli cinayət, eyni zamanda isə qəhrəmanlıq günü, insanların müstəqillik uğrunda etdikləri fədakarlıqlarla xatırlandığı nəzərə çatdırılır. Azərbaycanın bu gün möhkəm və geriyə dönməz müstəqilliyə sahib olmasında 20 Yanvar şəhidlərinin müstəsna rolunun olduğu vurğulanır.

Məqalədə Qara Yanvarın azərbaycanlılar üçün "Şəhidlik" günü olduğu, hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi, Sovet rəhbərliyinin xalqın müstəqillik eşqini söndürə və əzmini sındıra bilmədiyi diqqətə çatdırılır. Müəllif ümummilli lider Heydər Əliyevin Moskvada ikən baş vermiş hadisələrə öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə çevrildiyini, eyni zamanda 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, müstəqillik hərəkatını qüvvətləndiyi nəzərə çatdırılır. Məqalədə, qanlı hadisələrdən sonra on minlərlə kişi və qadın, müsəlman, xristian və yəhudinin həmin gecənin qurbanlarını dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi matəm və tətilin elan olunduğu diqqətə çatdırılır. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatı vurğulanır.

Sonda, "Qara Yanvar"ın insan iradəsinin və əzminin dövlət terroruna qarşı üstünlüyünü simvolizə etdiyi və Azərbaycan xalqının ürəyindəki müstəqillik eşqinin qələbə çaldığı qeyd edilir. Xatırladaq ki, "Qara Yanvar" mövzusuna Pakistanınn digər KİV-də də yer verilmiş, mövzu ilə bağlı "Lead Pakistan", "Pakistan in the World" qəzet və saytlarında müxtəlif məqalələr dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə