Millət vəkili Tahir Rzayevin SİA-ya müsahibəsi
- Tahir müəllim, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın yalnız Azərbaycanın daxili işi olmadığını bildirib. Bu ermənipərəst mövqe nədən irəli gəlir?
- Sergey Lavrov və Lavrov kimilər dəfələrlə bu fikirləri səsləndirirlər. Bu beynəlxalq normalara, ATƏT-in prinsiplərinə, BMT-nin qəbul etdiyi qətnamələrə və bir çox beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin mahiyyətinə zidd olan fikirlərdir. Çünki dünya artıq Azərbaycanı bütöv bir ölkə kimi təqdim edir və Dağlıq Qarabağında Azərbaycanın tərkib hissəsi kimi dünyada qəbul olunub. Sergey Lavrov, eləcədə onun təmsil etdiyi ölkənin rəhbərləri dəfələrlə Azərbaycanın bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bildiriblər. Təəssüflər olsun ki, müəyyən məsələlər ortaya gələndə bu məsələlərin nizamlanmasına addımlar atanda Sergey Lavrov və Lavrov kimilər suyu bulandırmağa çalışırlar. Yəni onlar nə isə qıcıqlandırıcı bir mövqe tuturlar və sözsüz ki, bu qıcıqlandırıcı mövqedə Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, əslində onun uzanmasına xidmət edir.
- Lavrovun mövqeyi Rusiyanın münaqişənin həllində maraqlı tərəf olduğunu təsdiqləyən fakt hesab etmək olar?
- Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiya tərəfi önəmli rol oynayır. Sözsüz ki, bu gün Ermənistan Rusiyanın bir əyaləti hesab olunur. Demək olar ki, Ermənistan artıq çöküb və onun özünün iqtisadi, siyasi, sosial bir siyasəti yoxdur. Yəni Ermənistan müstəqil bir dövlət deyil. Belə olan halda da, işğalçı ölkə olan Ermənistan Rusiyadan asılıdır. Təəssüf olsun ki, ATƏT-in həmsədr dövləti kimi Rusiyanın xarici işlər naziri bu fikri səsləndirir. Bu siyasətçiyə yaraşmayan və xarici siyasəti təmsil edən bir şəxs üçün heç bir prinsipə sığmayan bir fikirdir. Çünki Sergey Lavrov böyük bir dövləti təmsil edir. O bilir ki, tarixən bu torpaqlar Azərbaycan ərazisizdir. Belə bir halda əgər Dağlıq Qarabağın mövqeyindən çıxış etmək və o separatçı quldur rejimin mövqeyindən çıxış etmək Rusiyaya heç də hörmət gətirməyəcək. Əslində Rusiyanın dünyada olan nüfuzuna çox ciddi ziyan vuracaq.
- Sergey Lavrovun bu açıqlamasına əsasən demək olarmı ki, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa Rusiya öz vassalı olan işğalçı Ermənistanı tək buraxmayacaq?
- Rusiya daimi ikibaşlı oyunlar oynayıb. O sözdə Azərbaycanla strateji əməkdaş olduğunu, Azərbaycanı dəstəklədiklərini daimi nümayiş etdirir. Ancaq təəssüflər olsun ki, arxada Ermənistanı silahlandırır, işğalçı ölkəyə maliyyə yardımları edir. Yəni bu gün hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi Ermənistan yox, Rusiyadır. Sadəcə olaraq, Ermənistan ikinci bir qüvvədir. Birmənalı şəkildə demək olar ki, Ermənistanın ordusu, rəhbərliyi o gücə malik deyil. O cümlədən də, işğalçı ölkənin iqtisadi vəziyyəti də müharibə aparmağa imkan vermir. Bu baxımdan da, Ermənistan bu gün ancaq Rusiyaya arxalanır. Təəssüflər olsun ki, dünya birliyi ölkələri belə məsələlərdə konkret mövqe ortaya qoymurlar. Əgər doğurdan da onlar konkret mövqe ortaya qoysalar, Sergey Lavrov kimiləri bu fikirləri səsləndirməz.
- Aprel döyüşlərinin yenidən təkrarlanmasının qaçılmaz olduğunu demək olarmı?
- Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu öz ərazilərini az bir müddətdə işğaldan azad etməyə qadirdir. Azərbaycan ordusu dəfələrlə Ermənistanın ordusundan güclüdür. Azərbaycanın bu gün iqtisadi potensialı, insanların həmrəyliyi, insanların öz torpaqlarından azad etmək mübarizəsi ruhu qat-qat Ermənistandan güclüdür. Ancaq təəssüflər olsun ki, bu gün Rusiya Ermənistanı müdafiə edir. Dağlıq Qarabağda təşkilatlanan terror qruplaşmasıdır. Nəyin ki, Dağlıq Qarabağda bu gün Ermənistan hakimiyyətində oturanlar və ona rəhbərlik edənlər hamısı terror təşkilatının üzvləridir. Nə qədər ki, hakimiyyətdə və xarici siyasətdə Sergey Lavrov kimi şəxslər varsa, onda da Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolları çətinləşəcəkdir. Ümumiyyətlə, Azərbaycan xalqı səfərbər olmalıdır, öz Prezidentinə ordusuna arxalanmalı həmrəy olub öz sözünü deməlidir. Heç kim işğal altında olan torpaqları bizə verəsi deyil. Biz ancaq öz gücümüz, birliyimizlə öz Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin ətrafında möhkəm birləşməyimizlə bu torpaqları azad edəcəyik.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB