Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planı çərçivəsində həyata keçirilən "Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək" layihəsinin icrası ilə əlaqədar Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbər müavini Joel Mermet, Avropa Şurasının cinayətə qarşı fəaliyyət departamentinin rəhbəri İvan Koecikov və layihə üzrə məsləhətçi İldiko Nemet-Salaçzdan ibarət nümayəndə heyəti 16.01.2017-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qəbul ediliblər.
SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov qonaqları Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyi adından salamlayaraq, Azərbaycanın penitensiar sistemində aparılan islahatlara Avropa Şurası tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini bildirib, vurğulanıb ki, ölkəmizdə aparılan islahatlar, eləcə də Avropa Şurası ilə əməkdaşlığımızın əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun adı ilə sıx bağlıdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər ardıcıl olaraq yerinə yetirilmiş, o cümlədən qanunvericilik sistemi Avropa standartlarına uyğunlaşdırılmış, seçki sistemi təkmilləşdirilib, yerli özünüidarəetmənin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, həmçinin məhkəmə sisteminin və ədliyyə orqanlarının müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və sair istiqamətlərdə məqsədyönlü tədbirlər görülüb.
11.11.2016-cı il tarixdə Avropa Şurasının Bakı Ofisinin nümayəndələri ilə Penitensiar xidmətdə keçirilən görüş zamanı üç cəzaçəkmə müəssisəsində pilot layihələrin həyata keçirilməsi barədə razılığın əldə olunması, 11.01.2017-ci il tarixdə isə layihə ilə bağlı qiymətləndirmə missiyasının nümayəndələrinin qəbul edilməsi və müəssisələrə baş çəkilməsi üçün müvafiq şərait yaradıldığı qeyd olunub.
Avropa Şurasının cinayətə qarşı fəaliyyət departamentinin rəhbəri İvan Koecikov və layihə üzrə məsləhətçi İldiko Nemet - Salaçz qəbula və əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək, görüşlərin keçirilməsində əsas məqsədin layihənin daha səmərəli icrası üçün ehtiyacların müəyyənləşdirilməsindən ibarət olduğunu bildirib, Azərbaycanın Penitensiar sisteminin inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Qonaqlar tərəfindən qabaqcıl Avropa ölkələrinin bir çoxunda belə penitensiar sistemə Azərbaycanda olduğu qədər diqqət yetirilmədiyi vurğulanıb. Qeyd olunub ki, son illər ərzində cəzaların icrası ilə bağlı həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, o cümlədən müasir standartlara uyğun yeni cəzaçəkmə müəssisələrinin inşa edilməsi çox təqdirəlayiqdir. Avropa Şurasının departament rəhbəri İvan Koecikov ümumilli liderimiz Heydər Əliyevl bir neçə dəfə görüşməyin ona da nəsib olduğunu, ulu öndərin xalqını və Vətənini necə sevdiyini, onun islahatlara və Avropa Şurası ilə əməkdaşlığa verdiyi önəmin canlı şahidi olduğunu ifadə edib.
Görüş zamanı probasiya xidmətinin təşkili, həbs yerlərində sıxlığın aradan qaldırılması, Avropa Penitensiar Qaydalarının, habelə Avropa Şurasının Nazirlər Komitəsinin müvafiq tövsiyələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunmuş və fikir mübadiləsi aparılıb.
Qəbulda Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Məhərrəm Qafarov, Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəis müavini tibb xidməti polkovniki İftixar Qurbanov və digər məsul şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB