“İran bizim əleyhimizə erməni faktorundan yararlanıb” Şərh

“İran bizim əleyhimizə erməni faktorundan yararlanıb” Şərh

"İslam dövləti oldugunu elan edən İranın rəhbərinin qonşu müsəlman dövlətinə zülm edən və torpaqlarını işğalda saxlayan bir ölkəyə səfəri heç bir halda dinimizə görə məqbul sayıla bilməz". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. O bildirib ki, məsələyə bir qədər fərqli rakursdan nəzər salanda, bu səfər bir daha onu sübut edir ki, 21-ci əsrdə dinin siyasiləşmiş ideologiyası sadəcə olaraq fanatiklərə, cahil və savadsız insanlara yönəlik təsir vasitəsidir: "Əslində bu ideoloji təbliğatı əlində bayraq edən teokratik dövlətlər belə, müsir dövrdə milli-dövlətçilik hədəfləridən çıxış edərək addımlarını atırlar. Müasir dövrdə hansısa ümmət, məzhəb təəssübkeşliyi çəkən şəxs sadəcə olaraq ətrafında baş verənləri anlamayacaq qədər ya idealistdir, ya da ümumiyyətlə, bəsit təfəkkürə malikdir. İran prezidentinin Ermənistana səfərində təəccüblü heç nə yoxdur. Bu ölkə 1979-cu inqilabından indiyədək məzhəbçilik və anti-sionizm kartlarından öz təbliğatı üçün istifadə edib, əleyhimizə erməni faktorundan yararlanıb. İran öz milli dövlətçilik maraqlarından çıxış edərək belə edir və bu təbiidir. Burada artıq faktiki olaraq dini təəssübkeşlik, ümmət birliyi, əhli-beyt sevdalılığı kimi məqamlar arxa plana keçir. Və bu təkcə İrana aid deyil.

21-ci əsr milli ideologiyalar üzərində köklənmiş düşüncə sistemlərinə istinad etmək dövrüdür. Hansısa dini-məzhəbçi-təriqətçi təəssübkeşlik və ilahi ip arayışları, kosmopolit qərb aludəçiliyindən doğan vecsizlik və ya xəstə solçu-kommunist təfəkkür- müasir dünyada sadəcə olaraq milli bütünlük fəlsəfəsinin sarsılmasına yönəlik alətlərdir. Avropada mühafizəkar sağ qüvvələrinin ard-arda əldə etdikləri qələbələr məgər bunu sübut etmirmi?!".

Bütün xəbərlər Facebook səhifəmizdə