Tarix Yaradan İnsan MƏQALƏ

Heydər Əliyev yalnız öz dövrünün deyil, bəşəriyyətin dahi şəxsiyyətidir. Hər bir dahi insanın özəl xüsusiyyətləri vardır. Heydər Əliyevin isə özəl xüsusiyyəti odur ki, o bir millətin, xalqının müstəqil dövlətini quraraq yaşatdı. Bununla da salnamə, tarix yaratmağa qadir oldu. Heydər Əliyev fenomeni tarixi xidmətləri, xilaskarlıq və quruculuq, eyni zamanda güclü, iradəli şəxsiyyət və qətiyyətli rəhbər kimi ürəklərin tacıdır. Dahi Heydər Əliyevin insani keyfiyyətlərində isə mərhəmət və qayğıkeşlik xüsusiyyətləri əhəmiyyətli yer tutub. O ömrünü Azərbaycanın inkişafına həsr edən görkəmli dövlət xadimidir. Heydər Əliyevin xalqımıza əvəsiz xidmətlərini nə qədər saysaq da tükənməz.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1965-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan tarixinin taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.

12 dekabr tariximizdə yenilməz sərkərdəmiz, liderimiz, tariximizi yaradan dahi insanın anım günüdür. Heydər Əliyev ölməz şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanın döyünən ürəyidir. O ürək elə bir döyüntü ilə döyünür ki, heç bir güc bu döyüntünü susdura bilməz ! Heydər Əliyev demişdir: "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır". Dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev Azərbaycana belə bağlı idi. Bu gün bütün Azərbaycan Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünü böyük ehtiramla yad edir, fəxri xiyabana gedərək, məzarı önünə əklil və gül dəstələri qoyurlar. Hər bir Azərbaycan vətəndaşı məzar önündən keçərkən sevgi və hörmətlə baş əyir.

Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, həm Azərbaycan xalq hərəkatının, həm də Azərbaycan milli azadlıq hərəkatının həqiqi lideridir. Bu siyasətin layiqli siyasi varisi isə cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Həmin siyasətin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir. Biz bu günümüzlə fəxr edirik !

Qəlbimizdə hər zaman yaşayacaqsan, Ümummilli Liderimiz !

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aygül Ağayeva

Bütün xəbərlər Facebook səhifəmizdə