Hyuston şəhərində Azərbaycan Dövlət Bayrağı Günü təntənəsi

Hyuston şəhərində Azərbaycan Dövlət Bayrağı Günü təntənəsi

ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir keçirilib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xüsusilə bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər edib. Tədbirdə, həmçinin Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştatının Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki baş konsulları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova qonaqlara bu əlamətdar günün tarixi barədə məlumat verib, habelə Bakı və Hyuston qardaşlaşmış şəhərlər arasında əlaqələr və bu əlaqələrin inkişafı perspektivləri haqqında danışıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov müsəlman şərqində ilk demokratik respublikanın rəmzi olan bu bayrağın 25 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın üzərində ucaldıldığını deyib. Diplomat, Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu gün ölkəmizin gücləndiyini, bütün sahələrdə irəlilədiyini, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. O, bu il eyni zamanda Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin 40-ci il dönümünün olduğunu qeyd edərək, bu iki şəhər arasında əməkdaşlığı və onun Azərbaycan-ABŞ münasibətlərinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib.

ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Amerikanın Azərbaycan icmasını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Bakı ilə Hyustonun bir çox aspektlərə görə oxşarlığını xatırladıb. R.Sekuta hər iki şəhərin qarşılıqlı olaraq təcrübə mübadiləsinin artırılmasının faydalı olacağına ümid ifadə edib. Səfir Azərbaycanın ABŞ üçün önəmindən danışaraq ölkələr arasında strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq, iki ölkə arasında enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusilə vurğulayıb.

Bundan sonra çıxış edən Hyuston şəhər şurasının üzvü Kayk Laster şəhər meri Silvester Turner adından Azərbaycan icmasını təbrik edib, onların Hyuston şəhərinin sosial və mədəni həyatına verdiyi töhfələrə görə təşəkkür edib və 9 noyabr tarixinin Hyuston şəhərində Azərbaycan Bayrağı Günü elan edilməsi ilə bağlı şəhər merinin bəyannaməsini səsləndirib. Daha sonra ABŞ Konqresinin üzvü El Qrinın təmsilçisi Sam Merçant konqresmenin adından Azərbaycanın Bayraq Günü münasibətilə bəyannaməni oxuyub.

Son bir neçə il ərzində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil olunan Azərbaycanın Dövlət Bayrağı Günü tədbirləri artıq ənənəyə çevrilib və bu təşəbbüs Texas ştatının rəsmiləri tərəfindən fəal şəkildə dəstəklənir.

Bütün xəbərlər Facebook səhifəmizdə