Prezident: "Azərbaycan azad mətbuat istəyir"

Prezident: "Azərbaycan azad mətbuat istəyir"

"Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib və bu şaxələndirilmə davam edəcək". SİA-nın xəbərinə görə, bunu bu gün Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizindən Aralıq dənizinə qədər çəkilmiş neft-qaz kəmərləri Asiyanı Avropa ilə birləşdirib: "Cənubi Qaz Dəhlizi layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçasına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac, tranzit potensialını genişləndirəcək. Bu dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda bu məqsədlə qonuşlarımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir. Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir".

Dövlət başçısı Azərbaycanda qaçqın və məburi köçkünlərin probleminin həllinə xüsusi diqqət yetirildiyini söyləyib: "250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub".

Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan dövlət başçısı nəzərə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək: "Medianın dəstəyi olmadan bu, mümkün deyil".

"Bəzi hallarda müxtəlif melia orqanlarına nəzər saldıqda, görürük ki, eyni hadisə tamamilə fərqli libasda verilir. Bu, siyasi maraqdan irəli gəlir. Azərbaycan azad mətbuat istəyir. Bakıda keçirilən Konqresin bu baxımdan irəliyə doğru bir addım olacağına inanırıq"- deyə, Ölkə rəhbəri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə