Noyabrın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sədr qonağı salamlayaraq, ölkəmizdə səfir təyin olunması münasibəti ilə onu təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı. Spiker belə bir fikri söylədi ki, yeni missiyası dövründə səfir Almaniya ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Azərbaycan Avropa Birliyinin ən nüfuzlu üzvlərindən olan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin 2004-cü ildə bu ölkəyə səfəri zamanı keçirdiyi görüşlər və imzalanan sənədlər dövlətlərarası münasibətlərimizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Bu gün əlaqələrimiz xalqlarımızın rifahı naminə inkişaf etməkdədir. Bu isə münasibətlərimizin möhkəm təməllər üzərində qurulmasının sübutudur.
Ölkələrimiz arasında imzalanmış 73 sənəd dostluq və tərəfdaşlıq münasibətlərimizin dərinləşməsi üçün etibarlı hüquqi baza yaradıb. Təqdirəlayiq haldır ki, əlaqələrimiz iqtisadi, elm, təhsil, mədəni sahələrdə də inkişaf etməkdədir. Bu gün Azərbaycanda 170-ə yaxın Almaniya investisiyalı müəssisə fəaliyyət göstərir. Əminəm ki, ölkəmizdə olan əlverişli investisiya mühiti bu göstəricini gələcəkdə daha da artıracaq.
Sədr Milli Məclisdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyinə diqqət çəkərək, Bundestaqda da Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu söylədi. Spiker deputatlarımızın qarşılıqlı səfərlərini, onların nüfuzlu beynəlxalq qurumlarda görüşlərini yüksək dəyərləndirdi. Ümidvar olduğunu bildirdi ki, gələcəkdə parlament rəhbərləri səviyyəsində də səfərlər baş tutacaqdır.
Sədr cari ildə ATƏT-ə sədrliyi həyata keçirən Almaniyaya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində göstərdiyi səylərə görə minnətdarlığını bildirdi. O, bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə aradan qalxacağına inamını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Mixael Kindsqrab yeni diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söylədi. Qeyd edildi ki, Almaniya Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Parlamentlərarası, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar vardır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB