Rusiyanın prezidenti Vladimir Putin ABŞ prezidentliyinə namizəd Donald Trampa təcili teleqram göndərərək, onun seçkilərdəki qələbəsini təbrik edib. SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti informasiya verib.
"Putin teleqramda bildirilir ki, o birgə əməkdaşlıq sayəsində Rusiya ilə ABŞ arasındakı böhranlı vəziyyətin aradan qaldırılmasına ümid edir. O cümlədən, beynəlxalq gündəmdə duran məsələlərdə qlobal təhlükəsizliyin təminatı üçün qarşılıqlı çağırışların effektli nəticə verəcəyinə inanır"-deyə teleqramda vurğulanıb.
Putin Moskva ilə Vaşinqton arasında qarşılıqlı etimadın yaranması sayəsində istər iki ölkənin, istərsə də dünya xalqlarının maraqlarına cavcab verəcək siyasətin yürüdüləcəyinə də inandığını qeyd edib.
Vladimir Jirinovski fraksiyasının təntənəli yığıncağının keçiriləcəyini bəyan edib
Bu arada Trampın qələbəsi bütövlükdə Rusiya üçün məqbul hesab edilir. Belə ki, bu gün Rusiyanın dövlət dumasında keçirilən iclas zamanı ilginc hadisələr yaşanıb.
Rusiyalı deputatlar Trampın Klinton üzərindəki qələbəsini eşidər-eşitməz bu hadisəni ayaq üzərində alqışlayıblar. Xüsusilə, Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski iclaslardan sonra fraksiyasının təntənəli yığıncağının keçiriləcəyini bəyan edib. Hətta hadisə münasibəti ilə o, yığıncaqda iştirak edən deputat və jurnalistlərə şampan şərabı da söz verib.
Moskva patriarxiyası: "Əlbəttə ki, Amerika xalqı dəyişikliklərə səs verdi"
Trampın qələbəsi ilə bağlı Rusiyanın Moskva patriarxiyasında da seviniblər.
"Hesab etmirəm ki, biz respublikaçı namizədin qələbəsi münasibəti ilə eyforiyaya qapılacağıq. Sadəcə, onun necə prezident seçilməsinə zaman göstərəcək. Seçkilər ərəfəsində apardığı kampaniyasında verdiyi vədlərini yerinə yetirəcək, yoxsa yox.
Lakin fakt budur ki, onun seçilməsi beynəlxalq münasibətlər sisteminin köklü və müsbət dəyişiklərinə səbəb olacaq. Xüsusilə, beynəlxalq terrorçuluğa qarşı mübarizədə birgə əməkdaşlıq bu məsələdə əsaslıq təşkil edir"-deyə Moskva patriarxiyasının xarici kilsələrarası əlaqələr sinodal şöbəsinin mitropoliti İlarion Volokomarskiy deyib.
Din xadiminin sözlərinə görə, ABŞ-ın Demokratlar partiyasından olan namizədi Hillari Klinton seçicilərinin ümidlərini doğrultmadı. Hətta mövcud prezident Obamanın dəstəyi belə, ona lazım olan səsləri gətirə bilmədi: "Seçim yalnız iki şəxs arasında deyildi, çünki amerikalılar qarşısında sual qoyulmuşdu: siz hər şeyin yerində qalmasını istəyirsiniz, yoxsa dəyişikliyi? Əlbəttə ki, Amerika xalqı dəyişikliklərə səs verdi".
Göründüyü kimi, Trampın qələbəsi Rusiyanın siyasi maraqlarına tam olaraq cavab verir. Lakin bu gün Klintonun seçiciləri iddia edirlər ki, respublikaçının seçkiləri udması arxasında Rusiyanın da təsiri mövcuddur. Lakin fakt faktlığında qalır və Amerikanın yeni prezidenti Donald Trampdır...
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB