Qadın Trampa qarşı ittihamını geri götürdü

“O, bunu etməyib”
Qadın Trampa qarşı ittihamını geri götürdü

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı təcavüz ittihamı ilə çıxş edən və məhkəməyə müraciət edən qadın şikayətini geri götürüb. SİA xəbər verir ki, bu barədə qadının vəkili Liza Blum KİV-lərə açıqlamasında deyib.

"Bu gün Ceyn Dou mənə tapşırdı ki, Trampa və Epştayna qarşı qarşı ittiham ərizəsini geri götürüm. Bu həftə onun (Ceyn Dou) üçün çətin keçdi. Bundan sonra yalnız yaxşılıqlar arzulayaq"-deyə vəkil daha sonra öz tvitter səhifəsində də qeyd edib.

Xatırladaq ki, şikayət ərizəsi barədə bu həftənin əvəlində Blum özü məlumat vermişdi. Şikayətçi isə məhkəmə sənədlərində adının anonim qalmasını istəyib. Ona görə də sənədlərdə onu Ceyn Dou kimi qeydə alıblar.

Ceyn Dou təsdiq edirdi ki, o, 1994-cü ildə, 13 yaşında olarkən, dəfələrlə Donald Tramp və milyarderin dostu Ceffi Epşteyn tərəfindən seksual təcavüzlərə məruz qalıb.

Lakin Trampın vəkilləri bu ittihamı yalan adlandıraraq onun sifariş əsasında irəli sürüldüyünü deyiblər.

Onu da qeyd edək ki, seçki kampaniysı dövrü onlarla qadın Trampı təcavüzkarlıqda ittiham edib. Onlardan sonuncusu pornoaktrisa Cesika Dreyk olub. Oktyabrın sonlarında mətbuat konfransı keçirən pornoaktrisa, 2006-cı ildə Donald Trampın ona seksual təkliflər etdiyini bildirib.

Trampın seçki qərargahı isə irəli sürülən bütün ittihamları rədd etməklə yanaşı, gələcəkdə bu addıma gedənlərə qarşı məhkəmə iddiası qaldıracaqlarını bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə